Azərbaycan ordusu Ağdamda düşmənə qarşı reaktiv artilleriyanı işə saldı - FOTO

Azərbaycan ordusu Ağdamda düşmənə qarşı reaktiv artilleriyanı işə saldı -  FOTO

Bu gün Ermənistan tərəfi Azərbaycan ordusunun təmas xəttinin şərq istiqamətində (Ağdam) reaktiv artilleriya sistemlərini tətbiq etdiyini bildirib.

Sfera.az virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə qondarma “DQR müdafiə nazirliyi” məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan ordusu düşmənin mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutub, şərq istiqamətində isə Türkiyə istehsalı olan TR-107 reaktiv-yaylım atəşi sistemini tətbiq edib.
Erməni tərəfi həmin raketlərin qəlpələrinin fotolarını da yayıb.

Virtualaz.org saytı bu məlumata dair Azərbaycan Müdafiə Nazirliyindən şərh almağa cəhd göstərib. Nazirliyin mətbuat xidməti isə bu barədə rəsmi məlumata malik olmadıqlarını bildirib.

Bununla belə Azərbaycan Müdafiə Nazirliyi ötən gün rəsmi məlumatla çıxış edərək bildirmişdi ki, Ermənistan qüvvələri təmas xəttinin Ağdam və Xocavənd istiqamətlərində ordumuzun mövqelərini qəfildən müxtəlif çaplı minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Komandanlıq yaranmış əməliyyat şəraitini nəzərə alaraq düşmən ordusunun koordinatları əvvəlcədən müəyyən edilmiş mövqelərinə, o cümlədən bölük dayaq məntəqələrinə, dərinlikdə yerləşən hədəflərinə toplardan və minaatanlardan yaylım atəşi açmaq əmri verib.