Azərbaycanı nələr gözləyir? – Şərh

Azərbaycanı nələr gözləyir? –  Şərh

Dünya bazarında "qara qızıl"ın qiymətinin 42 dollara qədər düşməsi neft ölkəsi olan Azərbaycanda böyük problemlərə yol açıb. Əlbəttə, ixracın 93 faizə yaxını neft və neft məhsullarından asılı olan bir dövlət üçün bu problemlər gözlənilən idi. Böyük pulların axını zamanı iqtisadiyyatın diversifikasiyası həyata keçirilmədiyi üçün ölkəyə başqa mənbədən pul daxil olmur. İlk olaraq bu problemi manatın 34 faiz ucuzlaşmasında hiss etdik. Amma digər bir problem dövlət büdcəsi və Neft Fondu büdcələrinin icrasında yaranacaq. Çünki "qara qızıl" büdcədəki baza qiymətindən (90 dollardan) iki dəfədən çox ucuz satılır. 

Bu ilin birinci yarısında neftin orta qiyməti 55-60 dollar arası olduğu ərəfədə icmal büdcənin icrasında aşağıdakı problemlər yaşandı.
- Azərbaycan dövlət büdcəsinin altı aylıq yekunlarına görə, 770 milyon manatlıq kəsir yarandı.
- Dövlət büdcəsinin xərcləri 85 faiz icra edildi.
- Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar azaldı. Belə ki, bu ilin birinci yarısında büdcəyə 4,1 milyard manat vəsait daxil olub ki, bu da ötən illə müqayisədə 247 milyon manat azdır. 
- Azərbaycan Dövlət Neft Şirkətinin dövlət büdcəsinə ödəmələrində 21.7 faiz azaldı. 
- Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1.4 milyard və ya 3,56 faiz azaldı.
- ARDNF-dən büdcəyə transfertlər tam icra edilməyib. Ötən il ümumilikdə 9.3 milyard dövlət büdcəsinə transfert həyata keçirildiyi halda, ilin birinci yarısında 4.8 milyard manat köçürmə həyata keçirilib. Amma bu il dövlət büdcəsinə transfertlərin həcmi 10.3 milyard manata qədər yüksəldiyi halda, yanvar-iyul ayları ərzində cəmi 3.5 milyard manat köçürülüb.
-2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 4. 054,0 milyon manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 milyard manat azalma var.
- Fondun neft satışından əldə etdiyi vəsaitlər təqribən 2.5 milyard azalıb. Belə ki, 2015-ci ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3. 812,1 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövründə sözügedən gəlirlər 6.3 milyard manat olub. 
Cari ilin növbəti yarım illiyində isə neftin orta qiyməti 50 dolların altında olacağı proqnozlaşdırılır. Belə olan halda, növbəti altı ayda icmal büdcəni nələr gözləyir?
Sfera.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a bildirdi ki, Dövlət Neft Fondunun və dövlət büdcələri müzakirə olunarkən neftin baza qiymətinin 90 dollardan hesablanması ilkin səhv yanaşmalardan biri idi: "Zaman keçdikcə neftin qiymətinin ucuzlaşması bizim dediklərimizi haqlı çıxardı. Bunun fonunda Dövlət Neft Fondu 2015-ci il üçün nəzərdə tutduğu öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkəcək. İlin ilk altı ayının hesabatlarına nəzər yetirdikdə, dövlət büdcəsinə transfert etdiyi vəsaitin üçdə birini köçürə bilib. 10.3 milyard manata qarşı cəmi 3.5 milyard manat transfert edib. Deməli, ilin ikinci yarısında Dövlət Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəlikləri daha böyükdür. Təqribən 7 milyard manat transfert həyata keçirilməlidir ki, buna fondun vəsaitləri kifayət etməyəcək". 
İqtisadçı əlavə etdi ki, əgər dövlət büdcəsi nəzərdə tutulduğu səviyyədə yerinə yetirilərsə, o zaman ilin ikinci yarısında Neft Fondunun aktivlərinin "əriməsi" müşahidə ediləcək: "Digər tərəfdən, ilin ilk 6 ayı ərzində dövlət büdcəsinin özü 15 faiz kəsirlə yerinə yetirilib. Onu da nəzərə alsaq ki, bu dövr hökumət üçün daha əhəmiyyətli bir dönəm idi. Avropa Oyunları ilə bağlı iri layihələr üçün böyük həcmli vəsaitlər ayırmışdı və bunu etməyə məcbur idi. Belə bir vəziyyətdə hökumət 15 faizlik büdcə kəsirinə gedibsə, ilin sonuna qədər xərcləmələri daha da azaldıla bilər. Xərclərdə ixtisarlar aparmaqla, Neft Fondundan transfertlərin həcmini müəyyən qədər aşağı endirə bilər. Bununla fond aktivlərinin əriməsini passivləşdirə bilər. 
Transfertlərin azaldılmasının fəsadları da qaçılmazdır. Fond büdcəyə köçürmələr edərkən, dollarda olan ehtiyatını Mərkəzi Banka verməklə manata konvertasiya edirdi. Həmin konvertasiya prosesinin özü manatın məzənnəsinin qorunmasına müsbət təsir göstərirdi. Əgər transfertlər az icra olunacaqsa, o zaman ölkənin maliyyə bazarı əsas valyuta qaynağından məhrum olur. Belə olan halda manata təzyiqlər artır, Mərkəzi Bankın intervensiya xərcləri yüksəlir".
R.Həsənovun sözlərinə görə, neftin qiymətinin indiki səviyyədə qalması qarşıdakı 4-5 ay ərzində ölkə iqtisadiyyatına 3-3.5 milyarda qədər zərər vurması mümkündür: "Bu isə icmal büdcənin icrasında problemlərə yol aça bilər".
Hökumət hansı xərcləri ixtisar edəcəyinə gəlincə, R.Həsənov bunları söylədi: "Maliyyə Nazirliyinin qarşısında duran əsas vəzifə büdcənin cari xərclərini tam yerinə yetirməkdir. Qanunvericiliyə görə, yalnız az əhəmiyyətli xərclər ixtisar oluna bilər. Artıq son 6 ayda Maliyyə Nazirliyinin bu istiqamətdə fəaliyyəti müşahidə olunmaqdadır. Növbəti aylarda infrastuktur xərclərinin dayandırılması qaçılmazdır. Əgər hökumət büdcə xərcləmələrinə çox getmək istəməyəcəksə, Neft Fondunun aktivlərinin "əriməsi"nin qarşısını almaq niyyəti olacaqsa, investisiya, ezamiyyə, mükafatlar, müəyyən sosial layihələrin həyata keçirilməsi və sair bu tip vacib olmayan xərcləri məhdudlaşdıracaq. Belə olan təqdirdə daxili bazar ciddi pul qıtlığı ilə üzləşəcək. Bu isə daxili tələbin azalmasına, alıcılıq qabiliyyətinin aşağı düşməsinə, nağd pul qıtlığının yaranmasına gətirib çıxaracaq. Bundan sonra Azərbaycan iqtisadiyyatı üçün ən əlçatmaz nəsnə nağd pul olacaq".

OXŞAR XƏBƏRLƏR