Azərbaycanın valyuta ehtiyatları 52% azalıb - ölkə uçuruma yaxınlaşır
Cəmiyyət
00:16 / 06.09.2015
1515
Azərbaycanın Mərkəzi Bankı 31.08.2015-ci il tarixinə valyuta ehtiyatlarının məbləği barədə məlumatı açıqlayıb.
Avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib. Bu, İyulun 31-i ilə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14% azdır.
1 ildə 52% itki
Avqust ayındakı itki ilə Mərkəzi Bankın valyuta ehtiyatı təxminən son bir ildə 52 faizə yaxın azalıb. 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çatmışdı. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə 7 milyard 847,8 milyon dollar və ya 51,7% azdır.
Göründüyü kimi, valyuta ehtiyatlarının ötən ilin yayından başlayan azalma tendensiyasını bu ilin əvvəllərində həyata keçirilən 34%-lik devalvasiya da dayandıra bilməyib. Təkcə avqust ayında 1.2 milyard dollar itkinin olması isə hökumətin yaxınlarda yenidən devalvasiyaya gedəcəyi ehtimalını gücləndirir.
Ekspertlər hesab edir ki, prosesin bu cür davam etməsi ciddi iqtisadi kataklizmlərə səbəb ola bilər. Onların sözlərinə görə, maliyyə böhranını əsas səbəblərindən biri ölkə iqtisadiyyatının neftdən asılılığıdır. Ekspertlər hesab edir ki, problemdən çıxış yolu təkcə devalvasiya deyil, hakimiyyət iqtisadi sahədə ciddi islahatlar aparmalı, kənd təsərrüfatı və sənaye inkişaf etdirilməli, monopoliya aradan qaldırılmalıdır.