Sevil Əliyeva sahibi olduğu “Space”də - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. Sfera.az musavat.com-a istinadən xəbər verir ki Sevil Əliyeva sentyabrın 4-də sahibi olduğu Space telekanalına da baş çəkib. Onun kanala gəlişi axşam saatlarına təsadüf edib. S.Əliyeva sonuncu dəfə kanalda 2007-ci ildə olubmuş. Heyətlə görüşü, onların işi ilə maraqlanması, hər biri ilə söhbət etməsi həmin vaxt da indiki kimi baş tutub. Məlumatda bildirilir ki, 8 il bundan əvvəl də S.Əliyeva kanala iki oğlu ilə birgə gəlmişdi. Bu dəfə də onu kanala gəlişində oğulları müşayiət edib. İşçilərlə tanış olub, onların işləri ilə maraqlanandan sonra S.Əliyeva telekanalın prezidenti Vaqif Mustafayevlə yarım saatlıq görüş keçirib, ondan sonra kanalı tərk edib. Bu arada müğənni Elariz S.Əliyeva ilə fotosunu sosial şəbəkədə paylaşıb. Sənətçi şəkili çəkilişdə olarkən çəkdirdiyini qeyd edib: "Sevil xanım Əliyeva və mən Elariz Məmmədoğlu Space telekanalında". Elariz Məmmədoğlu ans press-ə açıqlamasında fotonun dünən çəkildiyini bildirib: “Dünən Aşıq Samirənin ad günü çəkilirdi. Pavilyonda 20-yə yaxın müğənni vardı. Bir də gördük Sevil xanım Əliyeva və Vaqif Mustafayev gəlir. Bizimlə söhbət etdilər, çəkilişlə maraqlandılar. Sevil xanım hətta "Elariz, siz cavanlaşmısız" deyərək mənə komplimentdə də etdi. Bu görüş hamımıza çox gözəl təsir bağışladı, heç vaxt bu görüşün təəssüratlarını unutmayacam. Çəkilişdə iştirak edən müğənnilər Sevil xanımla şəkil çəkdirdi. Yəni sosial şəbəkələrdə paylaşdığım foto kollektiv şəkildən kəsilmiş hissədir”. İlkin ehtimallara görə, son vaxtlar Space kanalına qarşı hücumlar, hətta MTRŞ səviyyəsində qınaq, verilişləri ilə bağlı tənqidi mövqelərin çoxalması onun təklənməsi təəssüratını yaradırdı. S.Əliyeva isə kanala gələrək, həm “gövdə göstərisi” edib, həm də seçkiöncəsi rəhbərliyə yeni göstəriş və strategiylarını verib.