Nəsimi Paşayev: "Avtovağzal" metrostansiyasının açılışı...
Cəmiyyət
00:14 / 11.09.2015
1496
Hər kəsə məlumdur ki, Bakı metrosunda ödəniş kartları dəyişdirilir. Artıq sərnişinlər "BakıKart" vasitəsi ilə metrodan istifadə edəcəklər.
Avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi BakıKart və “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılıb. Avqustun 15-dən sentyabrın 30-dək isə “Metrokart”ın girov dəyəri, sadəcə, gediş haqqı kimi istifadə olunacaq və metropolitendə “Metrokart” və “Bakıkart”ın birgə istifadəsi həyata keçiriləcək. Sentyabrın 30-dan etibarən “Metrokart”ın istifadəsi dayandırılacaq.
Yeni kartlarla yanaşı, ödəniş terminalları da yenilənib. Bu terminallar həm balans artırmaq üçün, həm də yeni kart almaq üçün istifadə edilir. Sərnişinlərin yeni kartlara alışmaları, ondan istifadə qaydalarını tam anlamaları üçün metrostansiyalarda köməkçi şəxslər dayanır. Onlar vətəndaşlara yeni kartın satın alınması və yüklənməsi zamanı köməklik göstərirlər.
Bəs köhnə ödəniş terminallarının aqibəti necə olacaq? Bununla bağlı musavat.com-a danışan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirdi ki, bütün köhnə ödəniş terminalları anbarlara daşınacaq: ""Bakıkarta" tam keçid 30 sentyabrda başa çatacaq. 1 oktyabr tarixindən köhnə aparatların hamısı metrostansiyalardan götürülərək, anbara qoyulacaq. Aparatlar bir müddət anbarda qalacaq. Gələcəkdə ehtiyac yaranarsa onları dəyərləndirə bilərik".
Uzun müddətdir inşasına başlanılan “Avtovağzal” metrostansiyasının açılışı səbirsizliklə gözlənilir. Nəzərə alsaq ki, avtovağzala yaxın ərazidə yaşayan vətəndaşlar hər gün tıxaclı yollarda əziyyət çəkirlər, deməli, bu stansiyanın açılışı onları böyük bir dərddən xilas edəcək. N.Paşayevin sözlərinə görə, stansiyaların tikintisinin bitmə tarixi məlumdur: "İlin sonuna kimi "Elmlər Akademiyası" metrostansiyasının ikinci çıxışı, gələn ilin əvvəli isə "Avtovağzal" və "Memar Əcəmi - 2" stansiyalarını açmaq üçün çalışırıq". //musavat.com