Türkdilli dövlətlərin ortaq kanalı yaradılır - Prezidentin çıxışı - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammiti keçirilib. Sfera.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə çıxış edib. Prezident Qazax torpağında olmaqdan məmnun olduğunu dilə gətirib: “Nursultan Abişoviç, Siz bu gün bizi Qazax xanlığının 550 illik yubiley tədbirinə dəvət etmisiniz. Buna görə də Sizə minnətdaram. Qazax xalqının böyük tarixi, mədəniyyəti var. Siz bu gün öz çıxışınızda bu barədə geniş fikir söyləmisiniz”. Dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən də danışıb: “Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır. Əminəm ki, ortaq televiziya kanalı qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacaq və böyük maraq doğuran, bizim siyasətimizi əks etdirən kanala çevriləcəkdir. Çünki bu gün dünyada informasiya təhlükəsizliyi xüsusi yer tutur və hər bir ölkə buna hazır olmalıdır. Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni zamanda, ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq”. “Azərbaycan qonşu ölkələrə, Türkdilli dövlətlərə investisiyaları təmin edir və bizim ölkəyə də investisiyalar qoyulur. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin”. İlham Əliyev deyib ki, hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir: “Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur. Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək. Bir sözlə, əziz dostlar, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Enerji təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıbdır. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bizim əsas ixrac yollarımız Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır. Ancaq yenə də qayıtmaq istəyirəm çıxışımın əvvəlindəki sözlərə. Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır. Sağ olun”. Sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitinin Bəyannaməsini, Şuranın baş katibinin müavinin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin təyin edilməsi ilə bağlı sənədləri imzalayıblar. Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti işini başa çatdırıb.
İlham Əliyev bu gün qəbul edilən Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyərli fikirlərin olduğunu bildirib. O, Azərbaycanın eyni zamanda, iqtisadi əməkdaşlığa da çox böyük önəm verdiyini qeyd edib: