Ləğv edilən marşrutlar bərpa ediləcək?
Avropa Oyunlarından əvvəl Bakıda tıxacların qarşısını almaq üçün bir sıra avtobus marşrutları ya qısaldılmış ya da ləğv olunmuşdu. Ancaq bu dəyişikliyin hələ də qalması bir çoxlarını qane etmir.
Sfera.az-ın məlumatına görə, xəzər xəbər problemi sakinlər və aidiyyatı qurumlarla birgə araşdırıb.
Avropa Oyunları öncəsində Bakıda nəqliyyatın sıxlığını azaltmaq üçün yolu qısaldılan marşrutların bərpa olunmaması bəzi sakinləri qane etmir. Xüsusilə də Bakı ətrafı ərazilərə hərəkət edən avtobusların yolunun qısaldılması həmin istiqamətlərə gedən vətəndaşların işini əməlli-başlı çətinə salıb.
Belə ki, həmin vətəndaşlar yol pulunu öncəki tariflə vermələrinə baxmayaraq artıq həmin yolu gəlmək üçün bir yox iki marşrutdan istifadə etdiklərinə görə hər gün iki qat pul ödəməli olurlar. Əvvəllər 20 yanvar və ya Əcəmi Metro stansiyasının yaxınlığında dayanan 114, 159, 91, 215, 169 nömrəli marşrutların hazırda son dayanacağının avtovağzal olması sərnişinlərə əlavə problemlər yaradıb.
Vətəndaşların ən çox şikayətləndiyi məsələlərdən biri də dəyişiklikdən sonra çoxlu vaxt itirmələridir.Vəziyyətdən sürücülər də gileylənir.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda Avropa oyunları öncəsində marşrutları qısaldılan avtobusların öncəki vəziyyətə qaytarılması müzakirə edilir.
Ehtiyac olan bir neçə marşrut bərpa edilsə də sıxlığın qarşısını almaq üçün əksəriyyətində dəyişiklik olmayacaq.