Neft 50 dollardan götürüldü

Neft 50 dollardan götürüldü

Maliyyə Nazirliyi 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrini açıqlayıb. Dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 bareli üçün 50 ABŞ dolları (2015-ci ildə 90 dollar idi-red.) götürülüb

ayihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 14566 mln. manat (bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsinin xərcləri isə 16264 mln. manat proqnozlaşdırılıb. Büdcə kəsirinə gəldikdə, bu, gələn ilin dövlət büdcəsi layihəsində 1698 mln. manat göstərilib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri 4836 mln. manat az proqnozlaşdırılıb.

 Sənədə əsasən, gələn il müdafiə sahəsinə 1837, 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2015-ci ildə həmin xərclər üçün 1778, 5 milyon manat ayrılmışdı.2016-cı ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla, nominal ifadədə 14 mlrd. 566 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 28,2%-ni təşkil etməklə 16,264 mln. manat həcmində proqnozlaşdırılır. Sənəddə qeyd olunub ki, dünya bazarlarında neftin qiymətinin kəskin enməsi, müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. 

Qeyd edilən amillər nəzərə alınmaqla, 2016-cı il dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i həcmində olmaqla, 14 mlrd. 566 mln. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 4,872 mlrd. manat və yaxud 25,1% azdır.2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4836,0 mln. manat və yaxud 22,9% az deməkdir.

 Dövlət büdcəsi xərclərinin strukturunun və tərtibi prosesinin təkmilləşdirilməsi və ünvanlılığın daha da artırılması istiqamətində işlərin davamı olaraq 2016-cı il dövlət büdcəsi xərclərində iqtisadi təsnifatın “Sair xərclər” paraqrafı üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 2015-ci illə müqayisədə 350 mln. manat və yaxud 20,3% azalıb.2016-cı il dövlət büdcəsinin kəsirinin (defisitinin) maliyyələşdirilməsi üçün 1,698 mlrd. manat vəsait nəzərdə tutulub. 

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsinin 15-16 milyard manatadək azaldılacağı barədə mötəbər mənbəyə istinadən ilk dəfə “Yeni Müsavat” yazmışdı. O zaman bir sıra ciddi ekspertlər bunun mümkünlüyünü təsdiqləmişdilər. Ötən həftə ölkə prezidenti də neft gəlirlərinin azaldığını vurğulayaraq izafi xərclərin dayandırılmasını istəmişdi.

APA.azAysel


OXŞAR XƏBƏRLƏR