Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası dəyişdi
Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasının diplomatik
nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında
Təlimat"da dəyişiklik edib.
Sfera.az APA-ya istinadən bildirir ki, dəyişiklik vərəsəlik hüququ haqqında şəhadətnamələrin
verilməsi ilə əlaqədardır. Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Dövlət xidmətlərinin
göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma
prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" 2015-ci il 31
avqust tarixli fərmanının icrası ilə bağlıdır. Həmin fərmana əsasən hazırda yaşayış yeri
üzrə qeydiyyatda olan şəxslər haqqında arayış "ASAN Xidmət" mərkəzlərində və Daxili
İşlər Nazirliyinin müvafiq qurumlarında yeni qaydada verilir. Arayış "Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya
sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilir, arayış
vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanır
və vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilir.
Təlimata əsasən konsul qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən
sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri,
şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini,
barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb
etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə
təsdiq edilir. İndiyə qədər mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında müvafiq
təşkilatlardan və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda
isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsbit olunub.
Dəyişikliyə əsasən isə bundan sonra mirasın açıldığı yer miras qoyanın yaşayış yeri üzrə
qeydiyyat haqqında arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və
ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsbit olunacaq. Vərəsələrdə
həmin sənədlər olmadıqda, konsul vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir.