Rusiya Suriyada yeni dondurulmuş münaqişə ocağı yaradılır - TƏHLİL
Dünya
10:32 / 27.05.2018
3265
Suriyada davam edən hərbi qarşıdurma dondurulmuş münaqişəyə çevrilməkdədir və de-fakto ölkənin bölünməsinə doğru gedən görünür. Bu, Gürcüstan və Ukraynadakı kimi, Rusiya prezidenti Vladimir Putinin məqsədi ola bilər.
İsrail, ABŞ, Türkiyə və sünni-ərəb üsyançıları da daxil olmaqla, Suriyadakı digər əhəmiyyətli oyunçuların da bu yeni həqiqətdən məmnun olduqları ortaya çıxır. Zərər çəkənlər – Əsəd rejimi və İrandır.
Bəşər Əsədin Putinlə görüş üçün Rusiyaya son səfərini düşünün. Yığıncaqdan sonra təşkil edilən mətbuat konfransında Putin jurnalistlərə açıqlamasında deyib: "Suriya ordusunun terrorla mübarizədə və siyasi prosesin aktivləşməsində böyük müvəffəqiyyətlər əldə etməsindən sonra Suriyadakı xarici qüvvələr ölkədən çıxarılacaq”.
Bəziləri bunu Putinin rejimin əleyhinə olan xarici qüvvələrin çıxarılması kimi yozublar. Keçmişdə Moskva Suriyada özünün (qanuni Suriya hakimiyyətinin dəvəti ilə) varlığı və digər çağırılmamış xarici elementlər arasında fərq qoymağa çalışıb. Bununla belə, Rusiyanın Suriya üzrə xüsusi səfiri Aleksandr Lavrentiev prezidentin sözlərinə aydınlıq gətirib: "Suriyada yerləşdirilən bütün xarici hərbi qüvvələr, o cümlədən Amerika, Türkiyə, "Hizbullah” və İran ölkədən çıxmalıdır”.
Söz duelləri Suriyanın gələcəyi ilə bağlı Moskva ilə bəzi müttəfiqləri arasında bir çox fərqlərin göstəricidir.
Moskvanın başqa məkanlardakı davranışı onun nisbətən az xərclə həll olunmamış münaqişələrin saxlanılması ilə rahatlaşdığını göstərir. Məsələn, Ukraynada (Donbas) münaqişə nizamlanmadan kənarda qalır. Donetsk və Luqansk əyalətlərinin bir hissəsini tutaraq, Rusiya Ukraynanın daxili işlərini öz iradəsi ilə poza biləcəyini, onun plan və strategiyasının Ukrayna hökumətinin üzləşdiyi ən vacib məsələ olduğunu isbatlayıb.
2015-ci il sentyabrın 30-da Rusiya təyyarələri ilk dəfə Suriya səmasında göründükdə, İran və "Hizbullah” mediasında zəfər yazıları qələmə alınırdı. Livanın "əl-Əxbar” qəzetinin baş redaktoru İbrahim əl-Əminin məqaləsində İran, İraq, Suriya, "Hizbullah” və Rusiyanı ehtiva edən "4 + 1” ittifaqının doğulduğu bəyan olunurdu. Amma bugünkü reallıq daha mürəkkəb mənzərəni təqdim edir.
Putinin "Hizbullah”çı redaktor əl-Əminin məqaləsi ilə maraqlanmadığı açıq-aydındır. Əksinə, Moskva özünü Suriya kontekstində əsas güclərdən biri halına gətirmək istəyir; digərləri öz məqsədlərinə çatmaq üçün Rusiyanın ayağına gəlməlidir. Bunun üçün, əlbəttə, Rusiya hər bir tərəfə istədiyinin bir parçasını verməlidir. Rusiya, həmçinin Türkiyə və NATO-nun digər üzv ölkələri arasında yaranan problemi dərinləşdirmək və qorumaq istəyir. Buna görə də, Moskva Şimal-Şərqi Suriyadakı Cerablus şəhərindən uzanan və İdlib əyalətinin böyük bir hissəsini tutan de-fakto Türk-Sünni islamçı anklavının qurulmasına razıdır.
Türkiyə hazırda İdlibdə 12 müşahidə postunun qurulmasının son mərhələsindədir.
Baş nazir müavini Rəcəb Akdağ ötən həftə Afrin bölgəsinin Əsəd rejiminə qaytarılmayacağını dilə gətirib. Türklər Suriya səmasına nəzarət edən rusların razılığı olmadan əməliyyatları həyata keçirə bilməzdi və rejim, əlbəttə, Türkiyənin hərəkətlərini suverenliyini pozmaq kimi qiymətləndirir. Ancaq rus əzələsi olmadan özü də çox az şey edə bilər.
Moskva cənubdakı "İran əraziləri”nə qarşı genişmiqyaslı İsrail hava həmlələrinə barmaqarası baxır. Rus hava müdafiəçiləri müdaxilə etməyə cəhd etmirlər. Putin İsrail baş naziri Binyamin Netanyahu ilə son görüşündən sonra Moskvanın "S-300” sistemini Əsəd rejiminə vermək niyyətinin olmadığını açıqlayıb.
İran isə cənub-qərbdəki müxaliflərə hücuma etmək üçün rejimə təzyiq göstərir. Tehranın dəstəklədiyi kontingentlərin sərhədlərə yaxınlaşması İsrailin geniş miqyaslı reaksiya ehtimalı ilə bağlıdır.
Mayk Pompeonun çıxışı da ABŞ hərbi qüvvələrinin Suriyanın şərqindəki mövqeləri yaxın zamanlarda tərk etməsi ehtimalının olmadığını göstərir. Bu sahə İraq, Livan və İsraillə sərhədlərə uzanan İran hökmranlığının bitişik bir sahəsinə mane olur, İsrail və Səudiyyə Ərəbistanı da daxil olmaqla, əsas ABŞ müttəfiqləri onu Tehrana təzyiqi davam etdirmək üçün vasitə kimi saxlanacağını ümid edir.
ABŞ nümayəndələri Fəratın qərbində yerləşən Mənbic şəhərində Suriya Demokratik Qüvvələrinin komandirləri ilə görüşüb və kürdlərə davamlı ABŞ dəstəyi vəd edib.
Bütün bunlar nə məna verir?
Bununla yanaşı, ABŞ və İsrail əsasən İranın regional inkişafına meydan oxuyur. Nəticədə Suriya bölünmüş olacaq – Rusiyanın bu sahədə böyük təcrübəyə sahib olduğu geosiyasi vəziyyət yaranacaq.
Strateq.az