Yeməyi gec bişirdiyinə görə benzini arvadının üstünə töküb yandırdı

Yeməyi gec bişirdiyinə görə benzini arvadının üstünə töküb yandırdı
Ailə başçısı arvadının üstünə yanacağın dağılmasını, hər ikisinin yanıq xəsarətləri almalarını, ümumiyyətlə, hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini desə də, qadın tam əksini – həyat yoldaşının onu diri-diri yandırmaq niyyətində olduğunu açıqlayıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının üzərinə benzin töküb yandırmağa cəhd edən Lerik rayonu Barzovu kənd sakini, 31 yaşlı Mais Məstiəli oğlu Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Ötən il iyulun 29-da içkili vəziyyətdə evə gələn Mais Həsənov arvadı Güldəstə Ağayevaya axşam yeməyini gec hazırlamasını irad tutub. Həyat yoldaşının ünvanına nalayiq söyüşlər söyən ərin bununla ürəyi soyumayıb. Arvadını öldürmək məqsədilə avtomobildən götürdüyü plastmas qabdakı benzini onun üzərinə töküb və qapını bağlayıb. Qaz sobasında yemək hazırlayan qadın üzərinə benzin töküldüyünü hiss edincə, qazı söndürmək istəyib. Bu vaxt Mais onu diri-diri yandırmaq məqsədilə 5 litrlik qabdakı yanacağı sobanın üstünə, əşyalara, evin hər tərəfinə səpib. Tez bir zamanda ətrafı alov bürüyüb. Mais Güldəstənin yanılı vəziyyətdə olan qazdan alışmasına nail ola bilib. Yanacağın yerə tökülməsindən özü də yanıq xəsarətləri alan Mais məcbur olub qapını açaraq çölə qaçıb. Qapının açılmasından istifadə edən Güldəstə də həyətə qaçaraq qonşuları köməyə çağırıb. Qonşuların köməyi ilə G.Ağayeva və M.Həsənov xəstəxanaya çatdırılıblar.

Törətdiyi əmələ görə M.Həsənova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 və 29, 186.2.2-ci maddəsi ilə ittiham olunaraq barsəində Xəzər rayon Məhkəməsi tərəfindən 3 aylıq hıbs qətimkan tədbiri seçilib.
 
"Tutaşanda benzin qazın üstünə dağıldı”

Təqsirləndirilən Mais Həsənov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində hadisə baş verən gün uşaqlarının qohumların evində olduğunu, Güldəstənin yemək hazırladığını, özünün isə həyətdəki avtomaşının mühərrikini təmir etdiyini, mazuta bulaşan əllərini yumaq üçün mətbəxə keçdiyini göstərib: ”Benzinlə əlimi yumaq istəyəndə Güldəstə iyi hiss edib yanacaqla mətbəxə girdiyimə görə mənə acıqlandı, dalaşdıq, benzin qazın üstünə dağıldı. Alov üstümüzə sıçradığından həm ikimiz, həmçinin mətbəx od tutub yanmağa başladı. Əlimdə saxladığım, içərisində benzin olan qabı da götürüb Güldəstə ilə birlikdə çölə qaçdıq. Qabı tulladım, hər ikimiz özümüzü söndürdük. Güldəstənin qışqırığına qonşular gəldi. Bizi 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə apardılar”.
 
"Hadisə ehtiyatsızlıq üzündən baş verib, arvadımı öldürmək niyyətim olmayıb”

M.Həsənovun ifadəsinə görə, bir müddət xəstəxanada müalicə alsa da, maddi imkanı olmadığına görə Lerikə gedib. Amma ayaqlarında yaranan problemlərə görə yenidən xəstəxanaya qayıdıb: ”Mənim ayağım, Güldəstənin isə ayağı ilə beli yanmışdı. Xəstəxanada ayağımdan əməliyyat olundum. Əməliyyatdan sonra yenidən Lerikə getdim. Polis əməkdaşları qaçıb gizləndiyimi zənn edərək məni axtarışa vermişdilər. Amma mən rayona müalicəmi ev şəraitində davam etdirmək üçün getmişdim. Heç kimdən qaçmaq fikrim olmayıb”.
Hadisədən uzun müddət sonra – ötən il oktyabrın 25-də Maştağaya qardaşı evinə gələn M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini, arvadının həyatına qəsd etmək niyyətində olmadığını bildirib.
 
"Tüfeyli həyat sürür, ailəsinə baxmırdı”

Zərərçəkmiş Güldəstə Ağayeva ifadəsində Maislə 2005-ci ildə ailə həyatı qurduqlarını, evləndikdən iki-üç ay sonra Binə qəsəbəsində yaşayan qardaşının yanına köçdüklərini, birgə nikahdan iki övladları olduğunu göstərib:
"Qardaşım öz həyətindən iki sot torpaq ayırıb bizə vermişdi. Atamla köməkləşib bir mərtəbəli ev tikib bizi oraya köçürdülər. Mais fəhləlik edirdi, maddi cəhətdən korluq çəkdiyim vaxtlar atamla qardaşım əl tuturdu. Mais tüfeyli həyat sürməyə meylli olduğundan, ailəsini dolandırmır, qazandığını içkiyə verirdi. Məcbur olub özüm parniklərdə fəhləlik edirdim. Mais isə, ümumiyyətlə, işləmək istəmirdi”.
 
"Deyirdi ki, "yan, mən də sənə baxım”

G.Ağayevanın ifadəsinə görə, tez-tez ailədaxili münaqişələri olsa da, bu barədə heç bir quruma şikayət etməyib. Üç il öncə isə boşanmaq üçün məhkəməyə müraciət etdə də, sonradan barışdıqlarına görə rəsmi qaydada ayrılmayıblar. Mübahisələrin yaranmasının digər səbəbi isə ərinin ona xəyanət etməsindən şübhələnməsi olub:"Mən Maisdən beş yaş böyüyəm. Bir neçə dəfə evə qadın gətirəcəyini, yaşadığım mənzili satacağını deyirdi. Hadisə baş verən gün uşaqlar bacımgildə idilər. Mais axşam saatlarında sərxoş vəziyyətdə evə gəldi. Həmin vaxt otaqda uzanmışdım. Yemək olmadığına görə Mais mənə acıqlandı. Dedim, həkimdən gəlmişəm, yorğunam, indi durub bişirəcəyəm. Mübahisə etməyə başladı, evi yandıracağını dedi, əhəmiyyət vermədim. Həyətə çıxdı, mən də mətbəxə keçdim ki, yemək hazırlayım. Bu vaxt söyüş söyə-söyə yerə nəsə səpdiyini gördüm. Qazın yanındaydım, əlindəki maye mənim də üstümə töküldü. Qabı əlindən almağa çalışdım, bacarmadım, qazı söndürmək istəyəndə yanacaqdan qazın üstünə də səpdi. Alovdan qolum və ayağım yandı. Mais isə "yan, mən də sənə baxım” deyirdi”.
 
"Məni öldürmək istəyirdi”

Qadın mətbəxdən çıxmaq istəsə də, əri imkan verməyib. Benzin yerə dağıldığından Maisin də ayaqları yanıb. Ərinin özünü söndürmək üçün çölə çıxdığını görüncə Güldəstə də həyətə qaçıb. Səs-küyə qonşular, həmçinin qardaşıgil gəlib. İki aya yaxın xəstəxanada müalicə alan Güldəstə iki dəfə əməliyyat olunub:
"Səhhətimlə bağlı ağrılar davam edir. Maisin məni öldürmək istədiyini düşünürəm, onun qanuna müvafiq şəkildə cəzalandırılmasını xahiş edirəm”.
Məhkəmənin hökmü ilə Mais Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Virtualaz.org
 

OXŞAR XƏBƏRLƏR