Tramp Kim Çen İnlə görüşdən niyə imtina etdi? - TƏHLİL

Dünya
22:30 / 26.05.2018
3634
Tramp Nobel Sülh mükafatını çətin ki ala. ABŞ prezidenti Şimali Koreya lideri Kim Çen İnlə görüşü təxirə saldı. Diqqətçəkən məqam odur ki, Tramp bu qərarı Pxenyan "Phungeri” nüvə poliqonunu sökəndən sonra verdi.
ABŞ administrasiyası Şimali Koreyanın hansı səviyyədə güzəştlərə gedə biləcəyini əvvəldən qiymətləndirmişdi. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtonun tələblərini dəqiq şəkildə müəyyənləşdirib – iqtisadi sanksiyaların zəifləməsi üçün tam və bərpasız nüvəsizləşdirmə baş verməlidir.
"Ya hər şey, ya heç nə” şüarı altında məşhurlaşan bu strategiya səmərəli olmadı. Şimali Koreya üçün bu, açıq təhdid idi. Nüvə proqramı Liviya lideri Qəddafini qoruya bilmədi. O, 2011-ci ildə Qərbin hərbi dəstəyilə devrildi və öldürüldü.
ABŞ-ın, sanksiya və hərbi təhdidlərin Pxenyanı danışıqlar masası ətrafına oturdacağına dair yanaşması da yanlış idi. Əksinə atom silahları və qitələrarası raketlərin mövcudluğu Şimali Koreyada müzkirə tərəfi olacağına dair qənaət yaratmışdı.Trampla görüş Şimali Koreya lideri üçün möhtəşəm uğur olardı. Kim ailəsinin ondan əvvəl hakimiyyətdə olan üzvləri – babası, atası Birləşmiş Ştatlarla birbaşa danışıqlara cəhd etmişdilər. Məlum görüş baş tutsaydı və ölkəsinə sanksiyaların zəifləməsi, iqtisadi yardım xəbəri ilə qayıtsaydı, bu, Kim Çen İnin nüfuzunu artırardı.
Ən əsası ona görə ki, Kim Çen İn amerikalılara və onların vədlərinə inanmır. Təkcə "Liviya modeli” yox, həm də ABŞ-ın İranla nüvə razılaşmasını pozması Vaşinqtonun güvənli tərəfdaş olmadığına dair qənaətləri bir qədər də möhkəmləndirdi.
Trampın imtinası ilə bağlı Ağ Evin yaydığı məktubda danışıqlar üçün açıq qapı saxlanılıb. Yaddan çıxarmaq lazım deyil ki, hələ ötən payızında Koreya yarımadasında vəziyyət savaş həddinə gəlib çıxmışdı. Şimali Koreya qitələrarası raketlərlə silsilə sınaqlar keçirir, ABŞ-dan cavab təhdidi yağırdı.
Sonra Kimin yeni il çıxışında gərginliyi azaldan ritorika, Şimali Koreyanın qış Olimpiya Oyunlarında iştirakı, Kim Çen İnin Cənubi Koreya lideri ilə görüşü və nəhayət Sinqapur sammiti barədə bəyanat isinmə yaratdı. Ümid edək ki, bu isinmə dövrü yenidən buz dövrünə çevrilməyəcək.
Kim və Trampın görüşü ilə bağlı hər iki tərəfin diplomatları tərəfindən real və qəbuledilən razılaşmalar işlənib hazırlanmalıdır. "Ya hər şey, ya heç nə” strategiyasından isə ABŞ ancaq "heç nə” əldə edə bilər…Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Kim Çen İnə məktub gönədərərək iyunun 12-də Sinqapurda baş tutmalı olan görüşdən imtina etdiyini bildirib.
ABŞ prezidentinin dediyinə görə, son vaxtlar Şimali Koreya tərəfindən səslənən bəyanatlarda açıq düşmənçilik və qəzəb hiss olunur ki, bu da məlum görüşün indiki məqamda keçirilməsini qeyri-mümkün edir.
Bunun ardından Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Ke Qvan Şimali Koreyanın ABŞ-la istənilən vaxt və istənilən formatda sammit keçirməyə hazır olduğuna dair açıqlama verib.
Göründüyü kimi, Trampla Kim Çen İnin görüşü də, Şimali Koreya ilə Сənubi Koreya arasında sülh müqaviləsinin imzalanması da tükdən asılıdır. Tərəflərdən biri istənilən an bir qıcıqlandırıcı bəyanatla isinmə və yaxınlaşma prosesini dayandıra, hətta yeni qarşıdurmanın başlanmasına rəvaс verə bilər./"Deutsche Welle”/Tərücmə Strateq.az-ındır