İsrail-İran savaşı gerçəkliyə çevrilməyə yaxınlaşır – Təhlil
Dünya
22:35 / 23.05.2018
3295
ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonda "Heritage Foundation”də çıxış edərək amerikalıların Tehran haqda həyata keçirmək niyyətində olduğu tədbirlər kompleksini göstərib. Ekspertlər bunu "sanksiyalar tarixində ən kəskini” adlandırırlar.
Dövlət katibinin sözlərinə görə, "İranın dünyanın başqa ölkələrinin xalqları üçün təhlükə təşkil edən fəaliyyət üçün deyil, öz xalqını qorumaq hüququ var”.
Dərhal qeyd edək ki, bu şərtlər ametrikalıların bütün cəbhələrdə Tehrana qarşı hərbi əməliyyatlar elan etməsinə bərabər olan ultimatumu daha çox xatırladır. Bu, bir.
İkincisi. Tələblər/şərtlər paktının özü o qədər hərtərəfli xarakter daşıyır ki, İran-Amerika Milli Şurasının prezidenti Trita Parsinin haqlı qeyd etdiyi kimi, bunun gerçəkləşdirilməsi "qeyri-gerçəkdir”, Pompeonun təklif etdiyi strategiya isə "uğurdan çox iflasa hədəflənib: bu, danışıqlar deyil, müharibə reseptidir”.
Fikrimizcə, Pompeonun planının elan edilməsi və Avropa Komissiyasının İranqa qarşı ABŞ sanksiyalarını yerinə yetirməyi Avropa şirkətlərinə qadağan edən və əvvəllər istifadə edilməyən 1996-cı il tarixli "bloklayıcı qərar” tətbiq etmək niyyətinin xronoloji üst-üstə düşməsini, çətin ki, təsadüfi saymaq olar. Daxili işlər və miqrasiya məsələri üzrə Avropa komissarı Dimitris Avramopulos bildirib: "Bu, zərurətə çevrilsə, biz hazırıq”.
Bununla belə, aydındır ki, Vaşinqton İran istiqamətində Avropaya qarşı sanksiyalar savaşına başlamağa qabildir. Özü də təkcə ona qarşı deyil. Şirkətlər – sanksiya rejimini pozanlar Amerika bazarında işlərkən cəriməyə məruz qala bilər. Əslində, firmalar seçim qarşısında qalır – İran, yoxsa Amerika bazarının onlar üçün daha üstün olması məsələsində. Avropanın bir neçə nəhəngi, xüsusən də Fransanın "Total” və "Engie” şirkətləri artıq İrandan gedib. Belə ki, Vaşinqtonun İran və AB-yə iqtisadi basqısını çətinləşdirmək üçün Avropa Birliyinin ABŞ sanksiyalarının mənfi effektini önləmək imkanları haqda məsələ açıq qalır.
Bu, Amerikanın "Kəlbətin” əməliyyatının bir tərəfidir. İkinci tərəfi Amerikanın bölgə müttəfiqlərini əməliyyata qoşmağa aiddir. Söhbət başlıca olaraq "İran sazişi”nin ən qatı opponentləri Səudiyyə Ərəbistanı və İsraildən gedir. Ər-Riyad və İsrail bununla yanaşı Yaxın Şərq münaqişələrinə müxtəlif formalarda cəlb olunub. İsrail, Fələstin tənzimlənməsi prosesi istisna olmaqla, hələlik başqa istiqamətlərdə vasitəli hərəkət edir.Lakin amerikalıların Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyin ora köçürülməsi İranın "nüvə və başqa təhlükələr”ə qarşı kampaniyada Səudiyyə Ərəbistanının geopolitik manevr üçün imkanlarını daraldır. Buna görə də Vaşinqtonun yeni şərtləri Yaxın Şərqdə böyük müharibə riskini çoxaldır.Amma ABŞ və İran arasında deyil, İranla İsrail arasında. Və bütün əlamətlərə əsasən, Vaşinqton artıq indi Yaxın Şərqdə uzunmüddətli fəaliyyət ssenarisini işə salır, bunun gedişində bölgədə kombinasiyalar və qüvvələr nisbəti dəyişiləcək. ABŞ-ın oyunu Yaxın Şərq, ardınca isə Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı gec-tez seçimə məcbur edəcək.
Lakin İran prezidenti Həsən Ruhani Vaşinqtonun tələblərinə cavabda bildirib ki, "təhlükə ritorikası qəti şəkildə keçmişdə qalıb”. O, amerikalılara üz tutub: "Siz kimsiniz ki, Tehranın və bütün dünyanın yerinə qərar qəbil edəsəniz? Bu gün dünya bununla barışmayacaq ki, onun əvəzinə ABŞ qərar qəbul edir. Ölkələrin müstəqilliyi var”.
Və yenə qeyd edib ki, İran Suriyanı tərk etməyəcək.
Tehranın reaksiyası anlaşılan və gözləniləndir. Amma bu, hələlik ilk mənfi hissi reaksiyadır. Hər şey qabaqdadır, axı Vaşinqton İrandan bölgə siyasətinin təməl əsaslarını dəyişməyi tələb edib. Yaxın Şərqdə böyük müharibə riskləri hiss olunacaq dərəcədə çoxalır./regnum.ru
Tərcümə Strateq.az-ındır.