Orucun tibbi faydaları

Sağlıq
22:20 / 22.05.2018
3193
Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.
Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.
Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.
Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.
Azərbaycan Respublikasının baş psixiatrı, tibb elmləri doktoru, psixiatr Ağabəy Sultanov orucluğun insan psixikasına müsbət təsirini belə ifadə edir: "İnsan gördüyü işdən həzz almalı və qənaətbəxş olmalıdır. Mənim uşaq yaşlarımdan yadımdadır ki, nənəm necə oruc tuturdu. Oruc tutulan evdə bərkdən danışılmaz, sakitlik və mehribançılıq olar. Axşam iftar süfrəsi arxasında əyləşmiş insanların əhval-ruhiyyəsi çox yüksək olur. Çünki onlar bilirlər ki, böyük və əhəmiyyətli bir iş görüblər, bu işi Allah rizası və Allaha itaət məqsədilə icra ediblər. Bütün bunlar insan mənəviyyatının, ruhunun gözəlləşməsinə təsir edir. Ramazan ayı başa çatdıqdan sonra insanlar bayram edir, bir-birinə qonaq gedir və gözaydınlıq verir. Beləliklə, orucluq insan psixikasına müsbət təsir göstərir, mnsan rahatlıq tapır. Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Çünki mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsanın təfəkkürü daha açıq olur, yaddaşı yaxşılaşır, o, daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur".
Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyyə edirik: "Oruc tutun ki, sağlam olasınız"./islam.az