"Azərbaycanda tibbi təhsil sistemi əyləncə mərkəzi xarakteri daşıyır" - Deputatlar səriştəsiz həkimlərdən danışdı

15:20 / 21.05.2018
2938
Son vaxtlar əməliyyat zamanı ölüm halları ilə bağlı mediada müxtəlif məlumatlara rast gələ bilərik. Xüsusilə də, plastik əməliyyatların ölümlə nəticələnməsi sanki adi hal alıb. Elə bu gün də daha bir özəl klinikada ölüm halı ilə bağlı məlumat yayılıb.
Bəs səhiyyədə ölüm hallarına səbəb olan amillər hansılardır və bunun qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?
Millət vəkili Fazil Mustafa Sfera.az-a açıqlamasında bildirib ki, ölkəmizdə sağlamlıqla bağlı məsuliyyət səviyyəsi yetərli deyil:

"Qanunvericiliyin bu məsələyə müdaxiləsi mümkünsüzdür. Bu halların baş verməsində subyektiv amillər kifayət qədər rol oynayır. Peşəkar fəaliyyətin kənardan qiymətləndirilməsi doğru deyil. Əməliyyat və müalicənin necə getdiyi, digər detallar dəyərləndirilməlidir. Məsuliyyət anlayışı ikili standartlarla tətbiq olunduğu üçün hər hansı şəkildə bu məsələnin üzərinə getmək mümkün olmur. Bu səbəbdən ölüm və qəzaların sayı artır”.
Millət vəkili bildirib ki, şəffaf modelin yaranması üçün ölkə maştabında məcburi tibbi sığortanın tətbiqi vacibdir:
"Bunun üçün doğru infrastrukdur qurulmalıdır. Yəni, iş adamları, sahibkarlar, böyük gəlirli müəssisələrin vergidən yayınma hallarının qarşısı alınmalı və onlar sığortaya vəsait yatırmaqda maraqlı olamlıdırlar. Bunlar olmadığı halda neqativ halları aradan qaldırmaq mümkün olmayacaq”.
F.Mustafa bildirib ki, bu cür haidələrlə əlaqədar olaraq həkimlərin iş şəraiti də araşdırılmalıdır:
"Burada əsas məsələ həkimin sıradan çıxarılması deyil, onun iş şəraiti və hazırlıq səviyyəsidir. Azərbaycanda tibbi təhsil sistemi əyləncə mərkəzi xarakteri daşıyır və hansısa həkim, tibb bacısı və mütəxəssis yetişdirmək gücünə malik deyil. İstedadlı 5-10 insan ola bilər. Lakin sistem bu cür şəxsləri yetişdirmək gücünə sahib deyil. O səbəbdən əyləncə mərkəzlərindən gerçək təhsil sisteminə keçirilməsi vacibdir. Yalandan diplomların sayını artırmaqla nəsə irəliləyiş əldə etdiyimizi göstərərək özümüzü aldatmamalıyıq. Bu sistem böyük problemlər yaradır. Xaricdən gələn o cəmiyyətin atılmışları burada həkim kimi meydan sulamağa başlayaraq insanlarımızı daha çox aldadırlar. Mövcud problemləri aradan qaldırmaq üçün qonşu ölkələrin təcrübəsini mənimsəmək olar”.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvi, millət vəkili Musa Quliyev isə Sfera.az-a açıqlamasında bu məsələ ilə əlaqədar olaraq hər hansı araşdırma aparmadıqlarını bildirib:

"Deyə bilmərəm. Onunla bağlı araşdırmalar aparmamışıq. Səhiyyə Nazirliyi tərəfindən bu məsələlər araşdırılır, statistikaları əldə edilir. Milli Məclisin Səhiyyə Komitəsi qanunvericiliklə məşğul olur və səhiyyənin ictimai-sosial əhəmiyyətli problemləri ilə bağlı dinləmələr təşkil edir. Gündəlik olaraq səhiyyədə baş verən hadisələr icra orqanlarının səlahiyyətindədir”.
Millət vəkili bildirib ki, səhiyyədə ölüm hallarının artıb, artmamasından da xəbərsizdir:
"Ölüm hallarının artıb-artmaması haqda məndə elə bir məlumat yoxdur. Saytlara hər zamana baxıram, arada bu cür məlumatlara rast gəlirəm”.
Professor Rəşid Mahmudov isə Sfera.az-a açıqlamasında belə deyib:
"Bu sualı Səhiyyə nazirinə vermək lazımdır”.
Nigar
Sfera.az