«Tramp zəiflərə xor baxır, geri çəkilsək, bütün mahiyyətimizi itirəcəyik"
Dünya
23:30 / 17.05.2018
3300
«Dünyada qarışıqlıq hökm sürür. Problem avropalılar üçün getdikcə kəskinləşir. Bunun səbəbi də bu problemi yaradanın yaxın və tarixi müttəfiqimiz olan Birləşmiş Ştatlar olmasıdır”.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən sammit Qərbi Balkan ölkələrinin avrointeqrasiyası mövzusunun müzakirəsinə həsr olunub. Bolqarıstan bu il yanvarın 1-dən "Birlik bizi güclü edir” şüarı altında Avropa Birliyi Şurasına sədrlik edir.
Baş nazir Raxoy sammit çərçivəsində balkan ölkələrinin təmsilçiləri ilə keçirilən görüşdən bir qədər əvvəl Sofiyanı tərk edib. Kataloniyalı separatçılara müqavimət göstərən Madrid Avropa Birliyinin Kosovonu suveren dövlət kimi tanımayan 5 üzv dövlətindən biridir.
Sammitin nəticəsi olaraq "Qərbi Balkan ölkələrinin Sofiya bəyyannaməsi” imzalanmalıdır ki, bu da rəsmi namizədlərə (Makedoniya, Serbiya, Qaradağ, Albaniya) Avropa Birliyinə üzvlük perspektivi üçün yol açır. Kosovo, Bosniya və Hersoqovina hələ ki bu statusu ala bilməyib. Bununla belə, avrointeqrasiya xətti ilə getməyi seçiblər.
Bəyannamədə həmçinin konkret öhdəliklər yer alacaq. Serblərin hökumətyönlü "Xəbərlər” qəzeti yazır ki, sammitin nəticələrinə dair sənəd layihəsində əvvəllər məlum olan tələblər də əksini tapıb. Lakin jurnalistlər bildirirlər ki, Belqrad Sofiya sammitinin səmərəliliyinə şübhə ilə yanaşır.
"Deutsche Welle” isə yazır ki, Serbiya Avropa Birliyinə 2000-ci ildə (ilk dəfə bu istiqamətdə danışıqlar başlayanda) olduğu qədər uzaqdır.
"Reuters” hesab edir ki, son illər bu 6 ölkəyə xüsusi diqqət ayrılmamışdı. Lakin Çinin, Rusiyanın, ərəb ölkələrinin və Türkiyənin bölgədə artan nüfuzu Avropa Birliyini hərəkətə keçməyə vadar edib.
Sammitdə ABŞ prezidenti Donald Trampın bu ilin mart ayında qəbul etdiyi qalmaqallı qərar da müzakirə olunub. Birləşmiş Ştatlar martda polad və alüminim idxalına yeni rüsum – polad üçün 25 faiz, alüminium üçün 10 faiz rüsum tətbiq edib. Bu rüsum ABŞ-a müvafiq məmulatı göndərən ölkələrin hamısı üçün keçərlidir. Bir müddət əvvəl Tramp Avropa Birliyi ölkələrindən və bir sıra başqa dövlətlərdən polad və alüminium idxalına rüsum tətbiqini iyunun 1-dək təxirə saldı. AB liderləri isə bəyan ediblər ki, ABŞ Avropa məhsuluna rüsum tətbiq edəcəyi təqdirdə Avropa Birliyi öz ticarət maraqlarını qoruyacaq.
Bu gün Sofiyada 28 dövlət başçısının iştirakı ilə baş tutan naharda Avropa biznesinin ABŞ-ın ticari tariflərindən, İranla əməkdaşlığa görə sanksiyalardan qorunmasının, eyni zamanda Tehranla nüvə sazişini xilas etməyin yolları müzakirə olunub.
AB təmsilçiləri İranla biznes aparan Avropa şirkətlərini qoruyan "blokada qanununun” qəbulu ətrafında da müzakirə aparıblar. Son dəfə inteqrasiya bloku ABŞ-ı 1996-cı ildə bu tədbiri işə salmaqla hədələmişdi. Həmin vaxt Bill Klinton administrasiyası geri çəkimiş, Kuba, İran və Liviyaya qarşı sanksiyaları (bu ölkələrə sərmayə qoyulması ilə bağlı) ləğv etməyə razılıq vermişdi.
Sammitdən sonra Britaniya baş naziri Tereza Meyin Makedoniyaya səfəri planlaşdırılır. Mey Toni Bleyerdən sonra (1999-cu il) Qərbi Balkan torpağına ayaq basan ilk britaniyalı baş nazir olacaq.
Strateq.az