“Uğursuz nəticə həyatın sonu demək deyil” - İmtahana hazırlaşanlara psixoloq MƏSLƏHƏTİ
Təhsil
11:47 / 14.05.2018
4285
Xəbər verdiyimiz kimi Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.
2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev ali məktəbə qəbul olmaq üçün verdiyi imtahanda aşağı bal topladığına görə intihar edib. Demək olar ki, hər il imtahanda uğurlu nəticə əldə etməyən abituriyentlərin intiharı ilə bağlı xəbər yayımlanır. Təəssüflər olsun ki, valideynlər övladlarının fənn hazırlıqları üçün vəsait xərcləsələr də, imtahan öncəsi onlara psixoloji dəstək olmaqda çətinlik çəkirlər:
Bəs, bu cür arzuolunmaz hadisələrin qarşısını almaq üçün nə etmək lazımdır?
Sfera.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov abituryentlərin daha çox psixoloji dəstəyə ehtiyacı olduğunu bildirib:
"Hər il bənzər problemlərlə rastlaşırıq. Lakin bu o demək deyil ki, günah valideyndədir. Heç bir valideyn istəməz ki, övladı az bal yığıdığı üçün intihar etsin. Narahat abituriyentlərimiz var. Elə abituriyentlər var ki, materialları qavraya bilmir. Bir qisim abituriyentin isə psixoloji dayanıqlılığı zəifdir. Bəzən olur ki, bütün materialları uğurla qavrayan abituriyent imtahan zamanı çox sadə məsələləri həll edə bilmir, mexaniki səhvlərə yol verir. Bu cür problemlər abituriyentlərdə gərginlik yaradır. Hər zaman tövsiyə etmişik ki, valideynlər övladlarının fənn hazırlığı ilə yanaşı psixoloji durumunun da qeydinə qalsınlar. Təəssüflər olsun ki, valideynlər yalnız fənn hazırlığına diqqət yetirirlər”.
Psixoloqun sözlərinə görə, abituriyentlərin nəticələrinin zəif olmasına təsir edən bir sıra amillər var ki, onlar da sonda, nəticə etibarı ilə böyük gərginliyə səbəb olur:
"Elə abituriyentlər var ki, yalnız repetitor yanında çalışır. Elə abituriyentlər də var ki, bütün günü çalışırlar, lakin nəticələri zəif olur. Bunun da bir sıra səbəbləri var. Abituriyentin hər hansı problemi, təşvişi olarsa, nədənsə əziyyət çəkərsə, bu zaman diqqəti yayınır, özünə güvəni azalır. Tövsiyə edirik ki, bu dönəmdə valideynlər övladlarının yanında olsun, onların psixoloji sağlamlığının da qeydinə qalsınlar. Valideynlər də abituriyentlərlə birgə imtahana səfərbər olmalıdır. İmtahanda uğursuz nəticə həyatın sonu demək deyil”.
Psixoloq bildirib ki, bu cür hadisələr bəzən digər abituriyentlərə pis nümunə olur:
"İstərdim ki, bu cür intihar xəbərləri çox gündəmə gətirilməsin. Çünki bu xəbərlər abituriyentlərin beyinlərini zəhərləyir”.
Nigar Məhərrəm
Sfera.az