Tramp 2020-ci il seçkilərinə hazırlığa başlayıb

Dünya
14:32 / 13.05.2018
3371
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıqlara indidən başlayıb. D.Tramp üçün Konqresin aşağı, yəni Nümayəndələr palatasına və Senatın bir hissəsinə keçiriləcək seçkilər olduqca önəmlidir.
Ağ Evin rəhbəri bu məqsədlə rəqib Demokratlar partiyasının istinadgahlarından sayılan İndiana ştatında tərəfdarlarını toplayıb. Partiya üzvləri qarşısına ağ köynək və qırmızı qalstukda peyda olan Donald Tramp hər kəsi bu ilin payızında keçiriləcək seçkilərdə demokratlara qarşı səfərbər olmağa çağırıb.
"Siz elə indidən Amerikanın böyüklüyünü və qüdrətini yenidən qazanmaq naminə daha çox respublikaçının parlamentə düşməsi üçün çalışmalısınız. Əgər demokratlar qalib gəlsə, bütün iş yerləriniz məhv olacaq”, – prezident deyib.
CNN kanalının icmalçısı Harri Estenin dediyi kimi, "prezidentin reytinqi bu cür seçkilərdə kilid rolunu oynayır. Seçkilərin özünü isə dövlət başçısına etimad referendumu da adlandırmaq olar”.
Hazırda İndiana ştatında respublikaçılar arasında ilkin seçkilər keçirilir. ABŞ Senatı üçün onlar biznesmen Maykl Braunun namizədliyini irəli sürüblər. Onun demokrat rəqibi hazırkı senator Co Donellidir.
Bundan başqa D.Trampın istədiyi namizədlər Ohayo və Qərbi Virciniya ştatlarında da ilkin seçkilərdə qalib gəliblər.
Qərbi Virciniyada partiya içində biznesmen, kömür maqnatı Don Blakenşip və ştatın baş prokuroru Pet Morrisi yarışıblar. Blankenşip də Tramp kimi milyarder sayılır. Lakin ABŞ prezidenti Morrisiyə daha çox üstünlük verib.
Donald Trampın reytinqinin aşağı olmasına rəğmən demokratlar onun qarşısına çıxa biləcək güclü rəqibi müəyyən edə bilmirlər.
"The Hill” qəzeti dövlət başçısına qarşı 36 demokrat namizədin adını çəkib. Bunların arasında senator Berni Sanders, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, demokrat senator Elizabet Uorren də var.
Hazırda D.Trampın reytinqinin yerlərdə süründüyünü söyləyənlər yanılmırlar. Son sorğularda əhalinin 41%-i prezidentin siyasətini bəyəndiyini bildirib. 53% isə ona qarşı çıxıb.