Müharibənin “tətiyi” çəkilir - Paşinyanın taleyi Bakının əlində

Müharibənin “tətiyi” çəkilir - Paşinyanın taleyi Bakının əlində
Yeni baş nazirə qarşı ilginc revanş ssenarisi; Ermənistanın 1-ci şəxsinin siyasi-hərbi və iqtisadi fiaskosunda artıq "Qarabağ klanı” da maraqlıdır; ABŞ İranı Qarabağdan vuracaq? Politoloqlardan maraqlı şərh və təxminlər...

Nikol Paşinyan Ermənistanın baş naziri qismində öz bəyanatlarında daha korrekt olmaq əvəzinə, reallıqla əlaqəsi olmayan diletant mövqe sərgiləyir. Xüsusilə də Qarabağ məsələsində o, Serj Sərkisyan və Robert Köçəryandan da radikal görünməyə, Roma papasından artıq katolik olmağa çalışır.

Lakin "Yeni Müsavat” xatırladır ki, Paşinyan Sərkisyanın dünənədək hakim partiya olmuş Respublikaçılar Partiyasının 6-7 deputatının dəstəyi ilə baş nazir olsa da, parlamentdə o, heç də hakim çoxluğu yox, azlığı təmsil edir. Bu da o deməkdir ki, parlamentli üsul-idarəyə malik Ermənistanda Paşinyanın təklifləri orada asanca tormozlana bilər.

*****


Şübhə yox ki, belə də olacaq. Parlamentdəki köhnə çoxluq - Sərkisyan müxalifəti, sadəcə, fürsət gözləyir ki, ölkədə emosiyalar səngisin və Paşinyanın islahatlarla bağlı vədləri fiasko olsun, əhalinin güzəranı yaxşılaşmasın və narazı elektorat ondan məyus olmağa başlasın. Onda yəqin ki, yeni baş nazirin "qara günləri” başlayacaq. Sərkisyan partiyası və tərəfdarlarının sabotajçı və revanşist hərəkətləri həmin günü yaxınlaşdıra bilər.

Təsadüfi deyil ki, parlamentdəki respublikaçı çoxluğun başçısı, deputat Vaqram Baqdasaryan mayın 8-dəki səsvermədən dərhal belə bir bəyanat vermişdi ki, "Paşinyan ona səs vermiş 6-7 respublikaçı deputatı özününkü, yaxud müstəqil saymağa tələsməsin. Onlar sadəcə, razılaşdırılmış qərarla, situasiyanın diktəsi ilə ona səs veriblər”.

Situasiya isə dəyişəcək. Çünki narazı, ac-yalavac əhali Paşinyanı baş nazir eləməkdə yanılmadığına qısa zamanda əmin olmaq istəyir. O üzdən ayrılan etimad limiti böyük olmayacaq - haradasa 2-3 ay. Məhz qarşıdakı aylarda Sərkisyanın partiyası, o sırada sabiq baş nazirin hakimiyyətin müxtəlif eşelonlarında, müdafiə və təhlükəsizlik strukturlarında kök salan sadiq tərəfdarları Paşinyanın baş nazir kimi fiasko olması, xalqın yanıldığını sübut eləmək üçün əldən gələni edəcəklər.

*****


Bunu da yaddan çıxarmaq olmaz ki, "Qarabağ klanı” Ermənistanda hakimiyyətdən getsə də (o da deyildiyi kimi, tam yox - parlament çoxluğu hələ ki onlardadır, erkən parlament seçkiləri üçün isə aylar tələb olunur və ona kimi Paşinyan özünü yandırmamalıdır ki, partiyası çoxluğu qazana bilsin), Sərkisyan-Köçəryan tərəfdarlarının işğal altındakı Dağlıq Qarabağda mövqeyi kifayət qədər güclüdür. Separatçı rejimin başçısı, qarabağlı Bako Saakyan da daha çox qarabağlı Sərkisyana, Köçəryana yaxındır, nəinki Paşinyana.

Qarabağ məsələsi isə Ermənistanın istənilən liderinin siyasi taleyində həlledici rol oynayır. Paşinyan da istisna olmayacaq. Məsələn, cəbhədə 2016-ci ilin aprelindəki kimi növbəti lokal hərbi uğursuzluq onun mövqeyinin sarsılmasına gətirə bilər və bundan rəqiblər dərhal yararlanacaq. Demək, məntiqlə Nikol Paşinyanın hakimiyyətinin davamlılığı xeyli dərəcədə Azərbaycandan, ordumuzdan asılıdır. Xəyalpərəst erməni baş nazir doğrudan da öz xalqı üçün faydalı olmaq istəyirsə, o zaman ilk növbədə Azərbaycanla dil tapmalıdır.

Əfsus ki, onun bu yöndə ilk bəyanatları barıt qoxusu verir. Hətta Paşinyan sələflərindən də sərt mövqe tutmağa çalışır. Demək, yeni müharibə, Paşinyana "aprel qulaqburması” qaçılmaz olacaq. 

*****

Maraqlıdır ki, artıq erməni politoloqları da yeni baş nazirin kəskin Qarabağ ritorikasından diksinməyə və məyus olmağa başlayıblar.

"Paşinyanın Qarabağda nizamlama barədə bəyanatları İrəvanın öz mövqeyini daha da sərtləşdirdiyini göstərir. Bununla belə, onun açıqlaması praktik baxımdan heç bir siyasi əhəmiyyət kəsb eləmir, çünki aydındır ki, Dağlıq Qarabağ danışıq stoluna qayıda bilməyəcək. Buna yüz faiz nə Bakı, nə də ATƏT-in Minsk Qrupunun həmsədrləri razı olacaqlar”. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni politoloq Ara Papyan "RİA-Ermənistan”a açıqlamasında deyib. 

"Danışıq stoluna qayıtmaqdan danışmaqla biz özümüzü aldadırıq. Qarabağ heç vaxt, heç olmasa tanınmamış dövlət statusunda da danışıqlar stolu arxasında oturmayıb”, - deyə Papyan xatırladıb.

Onun sözlərinə görə, yeni baş nazirin "DQR”in beynəlxalq birlik tərəfindən tanınması üçün əlindən gələni edəcəyi barədə bəyanatları da reallıqdan çox uzaqdır: "Çünki bundan ötrü Qarabağ real olaraq müstəqilliyə malik olmalıdır. O isə belə suverenliyə malik deyil, nədən ki, böyük ölçüdə Ermənistandan asılıdır. Hətta daha çoxunu deyə bilərəm: şəxsiyyət vəsiqələrinin təsdiqlənməsindən tutmuş, büdcəyə kimi Qarabağ de-yure Ermənistanın tərkib hissəsidir”.


Erməni politoloq hesab edir ki, bu qəbildən hər cür bəyanat vermək olar, ancaq danışıqlar prosesini davam etdirilməlidir. "Çünki ona ehtiyac var. Hərgah, Qarabağ problemin faktiki həlli yoxdur. Bu problemin həlli yalnız o vaxt yerindən tərpənəcək ki, Ermənistan güclənəcək, Azərbaycan isə zəifləyəcək”, - deyə o əlavə edib.

*****

Gürcüstanın "Kavkazplus” portalı isə Paşinyanın Qarabağ səfəri ilə bağlı sensasion  versiya irəli sürüb və tezliklə münaqişə zonasında hərbi toqquşmaların başlayacağını anons edib (Publika.az).

"Paşinyan Qarabağdakı separatçı hakimiyyəti dəyişməyi çox istəyərdi, lakin qondarma ”DQR"in Ermənistandan ayrı təqdim edilməsi onun əl-qolunu bağlayır. Əsas səbəb Bako Saakyanın rəhbərlik etdiyi separatçı hakimiyyətin Qarabağdakı erməni hərbi birləşmələr üzərində böyük təsirə malik olmasıdır. Ermənistan ordusunun döyüş bacarığı olan əsas hissəsi məhz Qarabağa yerləşdirilib. "Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırılsa da, onların əsas bazası Azərbaycanın işğal edilmiş ərazilərində qalır. Saakyan da faktiki olaraq, Sərkisyan qədər Paşinyanın düşmənidir" - portal qeyd edir.

Məqalədə ardınca deyilir: "Digər tərəfdən, Rusiya ordusu rəsmi şəkildə Qarabağda olmasa da, qeyri-rəsmi şəkildə təmsil olunur. Bu baxımdan, Paşinyan Ermənistanının tamamilə Qərb tərəfinə keçməsinin qarşısını almaq üçün Qarabağda təxribata əl atmaq olduqca asandır”.

Yazıda daha sonra bildirilir ki, Azərbaycanla müharibədə erməni ordusu məğlub olsa belə, "Qarabağ klanı” üçün belə bir toqquşma lazımdır: "Onlar bununla ”Paşinyan Qarabağı verdi", - deyərək, Ermənistanda hakimiyyətə qayıtmağı planlaşdırırlar".

Portal yazır ki, geosiyasi güclər - ABŞ və Rusiya da regiondakı vəziyyəti ələ almaq üçün "Qarabağ kartı”ndan istifadə edəcəklər: "Paşinyanı hakimiyyətə gətirən Amerika üçün Qarabağda vəziyyətin kəskinləşməsi prinsip etibarilə sərfəlidir. Toqquşmada erməni ordusunun qaçılmaz məğlubiyyəti Rusiyanın ”belinə yüklənəcək" və erməni cəmiyyətində "günahkar Moskva” obrazı gücləndiriləcək. Digər tərəfdən, Rusiyanın köməyilə "Qarabağ klanı” müharibəyə gedərsə, erməni ordusu məğlub olacaq və Azərbaycan öz ərazilərini qaytaracaq. Vaşinqton situasiyadan istifadə edərək, Qarabağda İrana qarşı Amerika bazası qura bilər. Beləliklə, yaxın vaxtlarda Qarabağda gözlənilməz təxribatlar müşahidə oluna bilər və bu müharibə regionda geosiyasi vəziyyəti dəyişdirəcək".

Portal amerikalıların açıq-aydın tələsməyə başladığını qeyd edir: "İrana qarşı müharibə ehtimalı hər keçən gün artır və İranın sərhədində müharibə meydanı yaratmaq amerikalılara son dərəcədə lazımdır. Vaşinqton Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb bu müharibə meydanını ala bilər. Belə ”sıxışdırma" Qarabağda şüurlu təxribatla ola bilər. "Qarabağ klanı” da hakimiyyətə gəlmək üçün bu oyunda rol ala bilər. Çünki bu klanın içində Rusiya və ABŞ arasında "ikili agent” olanlar çoxdur..."

"Yeni Müsavat"

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...