Gələn aydan müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
16:54 / 11.05.2018
5650
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə, diaqnostik qiymətləndirmədə iştirak ödənişsizdir.
"Müəllimlərin işə qəbulu üzrə müsabiqə, müəllimlərin yerdəyişməsi üzrə müsabiqə və diaqnostik qiymətləndirmədə iştirak ödənişsizdir”.
Sfera.az-ın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.
O bildirib ki, buna görə elektron ərizələrin doldurulması, yaxud müraciətə baxılması üçün hər hansı ödənişin edilməsi nəzərdə tutulmayıb.
Müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulunun iyun ayının 1-də başlayacağını vurğulayan M. Camalzadənin sözlərinə görə, bu il müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydalarında dəyişikliklər həyata keçirilib: "Dəyişikliklərə əsasən, artıq müəllimlərin iş yerinin eyni rayon, şəhər daxilində dəyişdirilməsi, eləcə də bir rayondan, şəhərdən digər rayona, şəhərə dəyişdirilməsi vahid çərçivədə həyata keçiriləcək. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə zamanı əsas götürülən göstərici müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə topladığı baldır. Amma əgər hər hansı bir namizədin əri və ya arvadı hərbçidirsə, yaxud namizəd şəhid ailəsinin üzvüdürsə, həmin adamların topladıqları bal 1,1 artım əmsalına vurularaq hesablanacaq”.