İsmayıllıda dolu 7 kəndə ziyan vurdu: Sel körpünü apardı

İsmayıllıda dolu 7 kəndə ziyan vurdu: Sel körpünü apardı
İsmayıllı rayonunda güclü dolu və leysan yağışından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev APA-nın yerli bürosuna bildirib ki, ötən gecə İsmayıllı rayonun dağlıq ərazisində yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnə Daxar, Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib. Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.

Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb, nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hazırda körpünün bərpası üçün əraziyə İsmayıllı rayon yol istismar idarəsinin ağır texnikaları və işçi qüvvəsi cəlb edilib.

Təbii fəlakət zamanı kəndlərdə təsərrüfatın ayrı-ayrı sahələrinə dəyən ziyanın hesablanması üçün hazırda İsmayıllı rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini dinləyirlər.  
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR