Yük avtomobillərinin ümumi yollardan istifadə etməsinə qadağa qoyulur

Yük avtomobillərinin ümumi yollardan istifadə etməsinə qadağa qoyulur

Azərbaycanda avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilən qadağalar sərtləşdirilir. 

"Report"un məlumatına görə, parlamentin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilib.Qanuna təklif edilən əlavəyə görə, avtomobil yollarını korlayan konstruksiya elementləri olan nəqliyyat vasitələrinin, həmçinin karxana avtomobillərinə aid edilən nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti qadağan edilir.Eyni zamanda, yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi və s. yolu zibilləyə biləcək materialların və yüklərin qablaşdırılmadan aparılması qadağan olunacaq.Qadağalar mal-qaranın yolların kənarında otarılmasına da şamil ediləcək. Belə ki, avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması qadağan edilir.Suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma zolaqlarının, yol örtüyünün çirkləndirilməsi də qanuna təklif olunan əlavələr sırasındadır.Bir sıra məsələlərlə bağlı isə qadağa qoyulmasa da, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması tələb olunur. 

Belə ki, yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində yol tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin boşaldılması və yüklənməsi üçün xüsusi icazə alınmalı olacaq.Eyni zamanda, reklam və digər məlumat qurğularının yerləşdirilməsi üçün də razılaşdırma tələb olunacaq.Dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.


OXŞAR XƏBƏRLƏR