Qarabağda müharibə hər an başaya bilər - Sabiq XİN rəhbərindən Paşinyanın Xankəndinə səfərinə REAKSİYA

13:08 / 09.05.2018
1681
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın seçiləndən bir gün sonra - mayın 9-da Azərbaycanın işğal altındakı ərazlərinə səfər etməsinə münasibət bildirib.
Sabiq nazir Sfera.az-a açıqlamasında deyib ki, Nikol Paşinyan Qarabağa səfər etməklə artıq popilist addımlar atır:
"Qarabağ məsələsilə bağlı Serj Sarkisyan da uzun müddət oxşar popilist addımları atırdı, ancaq sonda hakimiyyətini itirdi. Görünür, Nikol Paşinyan da eyni yolla getmək istəyir. Təbii ki, bu yolun sonu bəllidir".
Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistanın bu cür siyasəti gec-tez iflasa uğrayacaq:
"Bu həm də onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişsə də, Azərbaycana qarşı işğalçılıq siyasəti davam etdirilir. Bu isə Ermənistanın üzləşdiyi problemlərin aradan qalxmasına imkan verməyəcək".
Eks-nazir vurğulayıb ki, Qarabağda müharibə hər an alovlana bilər:
"Müharibə hər zaman mümkündür. Çox təəssüflər olsun ki, Ermənistan bizə ayrı yol seçməyə imkan vermir. Reallıq isə odur ki, Qarabağla bağlı danışıqlar yoxdur. Ermənistanın yeni hakimiyyəti də popilist addımların tərəfdarıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan siyasi danışıqlar tükəndiyi təqdirdə digər vasitələrə əl atmaq məcburiyyətində qalacaq. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə bəyanat verib".
Orxan Bəşirov
Sfera.az