“Qiymətli kağızlar bazarı haqqında” yeni qanun ictimaiyyətə açıqlandı

“Qiymətli kağızlar bazarı haqqında” yeni qanun ictimaiyyətə açıqlandı

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə “Qiymətli kağızlar bazarı haqqında” qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilib.

Sfera.az-ın məlumatına görə, mərasimdə qiymətli kağızlar bazarı üzrə dövlət siyasətini formalaşdıran QKDK-nın rəhbər vəzifəli şəxsləri, bu sahədə çalışan peşəkarlar, ölkənin bank və maliyyə sektoru üzrə ixtisaslaşmış dövlət və özəl qurumları, maliyyə vasitəçiləri, həmçinin Dünya Bankı başda olmaqla, aparıcı beynəlxalq donor təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf tarixinə nəzər yetirərək, iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar dalğasının qiymətli kağızlar sahəsindən də yan keçmədiyini və bu seqmentin tərəqqisinə yönəlmiş ardıcıl və düşünülmüş addımların sözügedən sferada dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O, qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsinə töhfə vermək məqsədilə kompleks tədbirləri nəzərdə tutan “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrasının uğurla davam etdiyini və bu çərçivədə 14 iyul 2015-ci il tarixindən qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” Qanunun bazar risklərinin etibarlı idarə edilməsi üçün zəruri mexanizmlərin formalaşmasına xidmət edəcəyini vurğulayıb.

Daha sonra Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina QKDK-nın Dünya Bankı ilə birgə həyata keçirdiyi Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin Azərbaycan qiymətli kağızlar bazarında aparılan islahatların dinamizminin yüksəlməsinə xidmət etdiyini bildirib. A.Priqojina beynəlxalq təcrübədən yararlanmaqla hazırlanmış qiymətli kağızlar qanunvericiliyinin bazarda səmərəliliyin və keyfiyyətin yüksəldilməsinə yeni imkanlar açacağına əminlik ifadə etmiş və təmsil etdiyi qurumun QKDK ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu qeyd edib.

Tədbirin davamında yerli və beynəlxalq ekspertlər “Qiymətli Kağızlar bazarında islahatlar: Beynəlxalq perspektiv”, “Qiymətli Kağızlar Bazarı haqqında qanunun ticarət infrastrukturuna təsiri”, “Yeni hüquqi mühitdə maliyyə vasitəçiliyi”, “Qiymətli Kağızlar Bazarı haqqında qanunun maliyyə sisteminin tənzimlənməsində rolu” mövzularında çıxış ediblər.

Sonra QKDK-nın Hüquq şöbəsinin müdiri Kamran Babayev “Qiymətli kağızlar bazarı haqqında” qanunun təqdimatını edib. Təqdimat zamanı qəbul olunmuş qanunda bazar iştirakçılarına münasibətdə müəyyən edilən bir sıra yeni tələblər, investisiya şirkəti anlayışı, investisiya xidmətlərinin təsnifatı ətraflı şəkildə izah olunub.

Sonda tədbir iştirakçılarını və kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.  //qafqazinfo


OXŞAR XƏBƏRLƏR