“Yüksək maaş heç də həmişə az korrupsiya demək deyil” – Məmurların maaş artımına ekspert ŞƏRHİ

Gündəm
10:50 / 07.05.2018
2514
"Məmurların maaşının artırlması məsələsi son günlər gündəmdə ən çox müzakirə olunan mövzulardandır. Məmurla yanaşı hər bir vətəndaşımızın yüksək maaş alması arzuolunandır. Lakin yalnız bir kateqoriya üzrə əmək haqqı artımında bir sıra məqamların gözlənilməsinə ehtiyac var”.
İqtisadçı-ekspert Vüqar Bayramov belə deyib. Onun sözlərinə görə, hazırda məmurların maaşı ilə orta aylıq əmək haqqı arasındakı kəskin fərq arzuolunmaz həddədir:
"Məmurların, eləcə də deputatların maaşındakı artım orta aylıq əmək haqqıdakı artım tempindən kəskin fərqlənməməlidir. Bununla yanaşı dövlət qurumlarında maaşın normal olması vacib olsa da, belə yüksək əmək haqqı heç də hər zaman korrupsiyaya qarşı mübarizədə səmərəli vasitə deyil. Beynəlxalq Valyuta Fondu bir müddət öncə korrupsiya ilə əmək haqqı arasındakı asılılığı müəyyənləşdirmək üçün İndoneziya Maliyyə Nazirliyinin işçilərinin maaşlarını fondu vəsaiti hesabına 2 dəfə artırmışdı”.
Ekspert bildirib ki, 1 il sonra fond əmək haqqı artımının korrupsiyaya necə təsir etdiyini araşdıran zaman bəlli olub ki, həmin dövlət qurumunda rüşvətin həcmi də 2 dəfə artıb:
"Rüşvətin həcmi əmək haqqındakı artıma uyğunlaşdırılıb. Deməli, yüksək maaş heç də həmişə az korrupsiya anlamına gəlmir. Bu isə o deməkdir ki, əmək haqqı artımları nəzarətin gücləndirilməsi ilə müşahidə edilməlidir ki, korrupsiyanın həcmi artmasın, əksinə azalsın. Nəhayət, hər bir qurumda əmək haqqı səviyyəsi o qurumda xidmət səviyyəsinə uyğun olmalıdır. Əmək haqqı artımından öncə xidmətin keyfiyyətini yüksəltməyə ehtiyac var”.
Nigar Məhərrəm
Sfera.az