Etiraz aksiyaları Rusiyanı bürüdü – Moskva mərkəzinə OMON yeridildi

13:29 / 05.05.2018
3711
Rusiya şəhərlərində müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının etiraz aksiyaları keçirilir.
Sfera.az bildirir ki, Xabarovsk, Vladivostok, Cənubi-Saxalinsk, İrkutsk, Komsomolsk-na-Amure şəhərlərində etiraz mitinqləri artıq keçirilib.
"O bizim çarımız deyil” şüarı altında keçirilən etiraz aksiyaları Rusiya prezidenti Vladimir Putinin 7 mayda nəzərdə tutulmuş inauqurasiya mərasiminə qarşı təşkil olunub.
Hazırda Rusiyanın bir sıra şəhərlərində müxalifətin etiraz aksiyaları davam edir. Sankt-Peterburq, Tambov, Çeboksarı və digər şəhərlərdə keçirilən etiraz aksiyalarında Navalnının tərəfdarları saxlanılıb. Yakutsk şəhərində keçirilən icazəsiz aksiyada 75 nəfər saxlanılıb. Saxlanılma zamanı etirazçılara qarşı zorakılıq edilib.
Barnaulda 15, digər şəhərlərdə onlarla fəal saxlanılıb.
Moskvada isə etiraz mitinqi saat 15:00-a nəzərə tutulub. Navalnı tərəfdarları dinc şəkildə və silahsız Puşkin meydanına çıxmağa çağırıb.
Moskva meriyası aksiyaya rəsmi icazə verməyib, prokurorluq isə sanksiyalaşdırılmamış mitinqin mənfi nəticələri barədə Navalnı tərəfdarlarına xəbərdarlıq edib.
Hazırda Rusiya paytaxtının mərkəzində OMON, Rosqvardiya, polis qüvvələri cəmləşdirilir.
Sfera.az