“Həqiqəti bilmək lazımdır, həqiqət isə dediyim kimidir...”
“Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq və öz gücümüzlə bu şər qüvvəni əzə bildik”.
Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycan həm də terrorizmdən zərər çəkən ölkədir:
“Müstəqilliyin ilk illərində, 1990-cı illərin ərəfəsində və 1990-cı illərin əvvəllərində erməni terrorçu təşkilatları bizim ərazimizdə 30-dan çox terror aktı törədib. Onlar metronu, gəmiləri, şəhərlərarası avtobusları partladıblar. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı həlak olub”.
Dövlət başçısı vurğulayıb ki, erməni işğalı yalnız beynəlxalq hüquq normalarının deyil, həm də bütün bəşəri normaların pozulmasıdır:
“Artıq 10-dan çox ölkə Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyıb. Bunun məsuliyyəti isə hazırkı və əvvəlki Ermənistan rəhbərliyinin üzərinə düşür”.
Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir:
“Azərbaycan ictimaiyyəti BMT Təhlükəsizlik Şurası qətnamələrinin bəzi hallarda bir günə yerinə yetirildiyinə, bizim vəziyyətdə isə 20 ildən çox vaxt keçməsinə və qətnamələrin kağız üzərində qalmasına çox təəccüblənir, amma yəqin ki, böyük dərəcədə narazıdır. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir. Bax, biz bunlarla - ədalətsizlik, qeyri-obyektivlik, ikili standartlarla, bəzi hallarda isə işğalçının mükafatlandırılması ilə qarşılaşırıq. Ermənistan bütün tanınmış beynəlxalq normaları pozan təcavüzkar, işğalçı ölkədir. Axı, təkcə tarixi Azərbaycan torpağı və sovet dövründə heç respublika da yox, vilayət muxtariyyəti olan Dağlıq Qarabağ işğal olunmayıb. Həmçinin keçmiş Dağlıq Qarabağ Vilayətinin inzibati sərhədindən kənarda 7 rayon da işğal edilib. Bu rayonlarda praktiki olaraq ermənilər yaşamırdılar. Bütün bu rayonlarda azərbaycanlılar yaşayırdılar. Onlar qovulublar, onların evləri, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, muzeylərimiz qarət olunub. Bunu bu gün İrəvanda ən yüksək vəzifələrdə oturanlar ediblər. Onlar hərbi canilərdir. Biz həqiqəti deməliyik. Çünki həqiqəti deməyib sussaq, özümüzü heç nə olmamış kimi göstərsək digər ölkələrdə də eyni hadisələr baş verəcək”.
İlham Əliyev deyib ki, erməni dairələri özlərini “qurban” kimi göstərməyə çalışırlar:
“Amma həqiqəti bilmək lazımdır. Həqiqət isə mənim dediyim kimidir. Mənim dediklərimi isə tarix, sənədlər, faktlar təsdiq edir. Bir daha demək istəyirəm ki, konfransa böyük əhəmiyyət verirəm. Əminəm ki, aparılacaq fikir mübadiləsinin məhz praktiki faydası olacaq. Biz vətəndaşlarımızın təhlükəsiz həyatını təmin etmək üçün daha çox əlbir olmalı, səylərimizi birləşdirməliyik. Hər bir ölkənin xüsusi xidmət orqanlarının rolu və vəzifələri dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etməkdir”.
Dövlət başçısı Bakıda keçirilən bu cür tədbirlər çox vacib olduğunu qeyd edib:
“Dünyada və regionda vəziyyət çox sürətlə dəyişir. Həm də, təəssüf ki, yaxşı tərəfə yox. Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik.
Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün zamanlarda vacib amil olub, bugünkü dünyada isə xüsusilə vacibdir. Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır”.