"QUSKA"nın vəkili: "Hər şey qanun çərçivəsindədir" - ÖZƏL

12:07 / 02.05.2018
2803
Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, "Quska” ləqəbli Hüseyn Abdullayevin artıq istintaqla əməkdaşlığa razılaşdığı barədə xəbərlər yayılıb. Yayılan məlumatlarda Hüseyn Abdullayevin bir neçə şəxsin adını açıqladığı da bildirilir.
Sabiq deputatın vəkili Ruhid Əkbərov Sfera.az-a açıqlamasında bu xəbərlərə münasibət bildirib:
"Mətbuatdakı bu məlumatla tanış olmuşam. Mənbənin kim olmasından xəbərsizəm. Mətbuatda çox şey yazılır. Hələlik, elə bir yeni xəbər yoxdur. İstintaq davam edir”.
R.Əkbərov Hüseyn Abdullayevin səhhətinin normal olduğunu, saxlanma şəraiti ilə əlaqədar hər hansı probleminin olmadığını vurğulayıb:
"Hər şey qanun çərçivəsindədir. Hüseyn Abdullayevin ziyarətinə gələnlər də var, qanun buna icazə verir”.
Xatırladaq ki, Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, "Quska” ləqəbli Hüseyn Abdullayev ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək, 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib.
Yerli mətbuatda yer alan xəbərlərə görə, bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin artıq istintaqla əməkdaşlığa razılaşıb. Onun həbsdə çox qalmamaq üçün hər şeyə hazır olduğu deyilir.
Bildirilir ki, H.Abdullayev Avropadakı "söyüş müxalifəti”nin həm xaricdəki, həm də Azərbaycandakı "kurator”ları barədə bildiklərini danışmağa razılaşıb. Bu kuratorlardan birinin Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov olduğu deyilir.
Nigar Məhərrəm
Sfera.az