Prezidentlərin Qarabağ görüşü: maneələr və gözləntilər
Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi bir vaxtda prezidentlərin görüşü yenidən gündəmə gəlib.
Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) şurasında çıxış edən ATƏT katibi Lamberto Zaner də bildirib ki, Minsk qrupunun həmsədrləri yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışacaq.
Baş katib KTMT-nin baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apardığını qeyd edib: “Biz Ermənistan və Azərbaycan sərhədində gərginliyin artmasından narahatıq. Hesab edirik ki, bunu aradan qaldırmaq üçün siyasi rəhbərliklə işləmək lazımdır. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında Minsk qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə görüşdü. Payız aylarında daha bir görüş mümkündür. Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail olacağıq”.
Lakin bunun nə dərəcədə real olacağı suallar doğurur. Xüsusilə münaqişənin həlli istiqamətində hər-hansı addım atıldığı vaxt Ermənistanın cəbhədə təxribat addımlarının genişləndirməsi qarşıdakı aylarda görüşün mümkün olub-olmayacağını müzakirə mövzusuna çevirir. Qeyd edək ki, artıq ilin sonuna iki ay yarım vaxt qalıb və bu müddət ərzində prezidentlərin görüşünün təşkil ediləcəyi də bir qədər qeyri-real görünür.
Politoloq Rasim Musabəyov Publika.az-a açıqlamasında bildirib ki, prezidentlərin ilin sonuna kimi görüşəcəyini demək bir qədər çətindir: “Xüsusilə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi bu məsələni daha da çətinləşdirir. Lakin mən ATƏT-in baş katibi Lamberto Zanerin bəyanatına diqqət çəkmək istəyirəm. Cənab baş katib təmas xəttində baş verənlərdən xəbərdar olduğunu deyir, həmçinin, bildirir ki, münaqişəni Nikolay Bordyuja ilə müzakirə edib. Mən əmin deyiləm ki, hər iki şəxs münaqişə ilə bağlı vəziyyətdən tamamilə xəbərdar olsunlar. Digər tərəfdən, Minsk qrupu ATƏT-in strukturudur, lakin bu təşkilatın baş katibinin münaqişənin nizama salınmasına heç bir təsir imkanı yoxdur. Həmçinin, KTMT baş katibi Bordyuja da münaqişəyə təsir imkanına malik olmadığı kimi, proses haqda ətraflı informasiyaya malik deyil”.
Rusiyalı politoloq Aleksandr Karavayev isə bu ölkənin KİV-nə açıqlamasında prezidentlərin görüşünə heç bir maneə görmədiyini deyib: “İlin sonuna kimi bu görüşün təşkilinə hansısa maneə görmürəm. Münaqişənin nizama salınması istiqamətində cəhdlər davam etdikcə, praktiki olaraq hər il Azərbaycan və Ermənistan prezidentləri müxtəlif meydançalarda görüşlər keçirirlər. Buna görə növbəti görüş olacaqsa, bu gözlənilməz olmayacaq”.
Politoloq hesab edir ki, rəsmi Bakı növbəti görüşün keçirilməsini rədd etməyəcək: “Çünki Azərbaycan tərəfi Minsk qrupunun təsir mexanizmlərinin olmamasını, münaqişəyə ciddi töhfə verə bilməməsini tənqid etsə də, danışıqlar prosesindən geri çəkilmir, hər fürsətdə masaya oturmağa hazırdır. Ermənistan haqda isə belə demək bir qədər çətindir”.