"Artur Rasizadə haqqında gedən yazıların tərəfdarı deyiləm" - Deputatdan AÇIQLAMA

Milli Məclisin deputatı, "Ana Vətən Parti"yasının sədri Fəzail Ağamalı Baş nazir Artur Rasizadənin tutduğu vəzifədən azad olunacağı ilə bağlı aparılan müzakirələrə münasibət bildirib. 

Fəzail Ağamalı Sfera.az-a açıqlamasında bu cür müzakirələrin doğru olmadığını söyləyib:

"Mən mətbuatda Artur müəllimin əleyhinə gedən yazıların tərəfdarı deyiləm, onu bölüşmürəm. Artur Rasizadə çox dəyərli insan, yüksək mənəvi keyfiyyətlərə malik olan dövlət xadimidir. Onun haqqında yalnız və yalnız xoş sözlər demək və eşitmək arzusundayam. Artur müəllim haqqında mənfi fikirləri qəbul etmirəm. Ona uzun ömür və can sağlığı arzu edirəm". 

Deputat deyib ki, hökumət üzvlərinin vəzifədən azad olunması və ya təyin edilməsi ölkə prezidentinin səlahiyyətlərinə aiddir:
 
"Təbii ki, Azərbaycanın yeni hökumətinin formalaşması cənab prezidentin səlahiyyətlərindədir. Ölkə prezidenti cənab İlham Əliyevin bu baxımdan atmış olacağı addımlar hörmətlə qarşılanacaq". 

Orxan Bəşirov 

OXŞAR XƏBƏRLƏR