"Bu Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi" - Hüseynbala Mirələmov

Siyasət
15:22 / 18.04.2018
3191
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məqsədyönlü şəkildə beynəlxalq dairələrə xidmət göstərərək, Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərə qarşı qərəzli və uydurma bəyanatlar verir".
Bu sözləri Sfera.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib.
Hüseynbala Mirələmov aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT DTİHB-nin müşahidə missiyasının verdiyi bəyanatı saxtakarlıq adlandırıb:
"ATƏT-in Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi. Müşahidə missiyasının seçkiləri izləməsində əvvəlcədən təxribat, qərəzlilik hiss olunurdu. Məqsədləri Azərbaycanı gözdən salmaq idi. Nəticə də göz qabağında oldu. Azərbaycanda prezident seçkilərini izləyən bütün beynəlxalq müşahidəçilər müsbət mövqe açıqladı və prosesi yüksək qiymətləndirdi. Lakin ATƏT DTİHB tamamilə qərəzli mövqe nümayiş etdirmək istədi. Onların Azərbaycana qarşı bu cür qərəzli bəyanatları birinci hal deyil. Çünki əvvəlki seçkilərdə də biz təşkilatın bu tipli bəyanatlarının şahidi olmuşuq. Ümumiyyətlə, ATƏT DTİHB-nin müşahidə missiyasının bu mövqeyi sifarişlidir, ikili standartların göstəricisidir və müəyyən məqsədlər daşıyır. Lakin bu cür bəyanatlar seçkilərdə xalqın Prezident seçdiyi cənab İlham Əliyevin siyasətinə təsir göstərə bilməz. Belə bəyanatlar həmin təşkilatların özləri üçündür, cəmiyyətimiz üçün heç bir önəm kəsb etmir. Əsas xalqın iradəsidir ki, Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərdi, onu prezident seçdi”.
Deputat əlavə edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu bəyanatı Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişi ilə hazırlayıb.
Orxan Bəşirov
Sfera.az