Bakıda bir ayda ikinci dəfə: Həkim ölümünün SƏBƏBİ

Hadisə
16:34 / 17.04.2018
3834
Bu gün Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otolarinqoloqu Əziz Bayramlının ölüm xəbəri yayılıb. Məlumata görə o aprel ayının 14-də dünyasını dəyişib. 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-çanaq oynağının endoprotezləşmə əməliyyatı keçirdiyi, daha sonra hətta ayağa da qalxdığı deyilirdi. Lakin əməliyyatdan 3 gün sonra xəstə komaya düşüb.
Həkimin ölüm səbəbini öyrənmək üçün əməliyyat olunduğu xəstəxana ilə əlaqə saxladıq.
Xəstəni əməliyyat edən həkim Ayaz Hümbətovun köməkçisi Sfera.az-a açıqlama verib. O xəstənin beyinə qansızmadan dünyasını dəyişdiyini deyib:
"Beyin kötüyünün işemik insultu nəticəsində xəstə dünyasını dəyişib. Beyinə qan sızıb. Lakin əməliyyatdan öncə xəstənin vəziyyəti çox yaxşı olub. Əməliyyatdan sonra da hər şey qaydasında idi. Əməliyyatdan 3 gün sonra xəstələri evə buraxırıq. Lakin xəstə özü 3 gün də əlavə qalmaq istədiyini deyərək xəstəxanada qaldı”.
Həkim köməkçisinin sözlərinə görə, əməliyyatın 5-ci günü, gecə saatlarında xəstənin vəziyyəti pisləşib:
"Lakin bu əməliyyatın fəsadı deyildi. Çünki əməliyyatın fəsadı olsaydı, ağciyərlərində problem yaranardı. Ailəsinin də dediyinə görə həkimin nevroloji problemləri var idi”.
Dünyasını dəyişən həkim Ayaz Hümbətov tərəfindən əməliyyat olunub. Xəstənin reanimatoloqu isə Vəfa Hacıhəsənli olub.
Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb. Həmkarlarının sözlərinə görə, Ə.Bayramlı sağlam adam olub, sadəcə ayağını yerə basmaqda çətinlik çəkirmiş.
Xatırladaq ki, aprelin 2-sində də ginekoloq Səbinə Mirzəyeva beyinə qan sızması nəticəsində dünyasını dəyişmişdi.
Nigar Məhərrəm
Sfera.az