Boş qalmış deputat yerlərinə seçki keçiriləcəkmi?

Siyasət
08:55 / 17.04.2018
7610
Xəbər verildiyi kimi, deputat Astan Şahverdiyev aprelin 15-də qəfil dünyasını dəyişib. Deputatın yerinə seçkinin olub-olmayacağı ilə bağlı Milli Məclisin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirdi ki, bu barədə, hələ ki, konkret söz deyə bilməyəcək. Yada salaq ki, Astan Şahverdiyev 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmişdi.
Azərbaycanın tanınmış dövlət və siyasi xadimi, Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov 1994-cü ildə qətlə yetirilib.
Birinci çağırış Milli Məclisin deputatı olan Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib. O, 1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmişdi.
Məşhur tarixçi Ziya Bünyadov da deputatlıq səlahiyyətini başa vurmadan dünyasını dəyişib. Belə ki, Z.Bünyadov 1997-ci ildə qətlə yetirilib. Deputat Yusif Vəkilov da səlahiyyət müddəti bitməmiş-1998-ci ildə dünyasını dəyişib.
2000-ci ildə deputat seçilən Samur Novruzov Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü idi. O, parlament seçkilərindən bir il sonra-2001-ci ilin 24 sentyabrında dünyasını dəyişib.
2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Hikmət Atayev yol qəzası zamanı dünyasını dəyişib. 7 mart 2013-cü il tarixində Gürcüstandan Balakən istiqamətində gedən deputatın idarə etdiyi "VAZ-2106" markalı maşın ”VAZ-21015" markalı avtomobillə toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerində vəfat edib.
Deputat vəfat edirsə, qanunvericiliyə görə onun yerinə seçkilər nə zaman keçirilməlidir?
Seçki Məcəlləsinin 176.4-cü maddəsində göstərilir ki, deputat mandatının boş qalmasından 1 ay müddətində əlavə seçkilər təyin olunmalıdır. Qanunla həmin yer boş qalanda, hansı qaydada boş qalması prosesləri başa çatandan sonra 1 ay müddətində prezident əlavə seçkilərin vaxtını təyin etməli, 60 gün müddətində seçkilər keçirilməlidir. Bu proseslərdə MSK-nın üzərinə düşən məsuliyyət ondan ibarətdir ki, boş qalmış deputat mandatı yeri üzrə bütün məlumatları subyektə ötürməlidir, cəmiyyəti seçki vaxtının niyə təyin olunmaması ilə bağlı məlumatlandırmalıdır.
Seçki vaxtını isə prezident təyin etməlidir.
İndiyə qədər mandatı ləğv edilən bir neçə deputat da olub ki, onların yerinə qeyd olunduğu müddət ərzində seçki keçirilməyib.Məsələn, IV çağırış Milli Məclisin üzvü olmuş Mübariz Qurbanlı 21 iyul 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən deputat səlahiyyətlərinə xitam verildi.
Mandatını itirmiş keçmiş deputatlardan biri də Gülər Əhmədovadır. Gülər Əhmədova deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciətini aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərib. 2012-ci ildə G.Əhmədovanın məsələsi MSK-da səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.
19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədovun da mandatı ləğv olunub. Belə ki, 2013-cü ildə Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Ona görə də 2013-cü ilin noyabrın 12-də Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib.
68