"İlham Əliyevin 2003-cü ildə verdiyi vəd öz təsdiqini tapdı" - Tağı Əhmədov

12:15 / 14.04.2018
3266
"Aprelin 11-də Azərbaycanda keçirilən demokratik və şəffaf prezident seçkiləri bütün dünyaya və Avropaya bir nümunədir".
Bu sözləri Sfera.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Yasmal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədov bildirib.
Tağı Əhmədov dünyanın heç bir yerində Azərbaycanda keçirilən seçkilər qədər demokratik və şəffaf seçkinin olmadığını söyləyib:
"Dünyanın heç bir yerində bu cür şəffaf seçkilər olmayıb. Bunun ən bariz nümunəsi məhz İlham Əliyevə olan sevgidir. YAP-ın üzvü kimi keçirilən təbliğat və təşviqat görüşlərində tam əmin idim ki, İlham Əliyev prezident seçiləcək. Təmsil olunduğum rayon üzrə də bu nəticələri müəyyən etmişdim. Doğrudan da bu gün bütün Azərbaycan xalqı məhz İlham Əliyevi dəstəkləyir. Çünki prezident olduğu ötən 15 ilə yaxın müddətdə Azərbaycan üçün çox böyük işlər görüb. Bu işlərin hamısı insanların gözü qabağındadır. Cənab İlham Əliyev 2003-cü ildə verdiyi "mən hər bir azərbaycanlının prezidenti olacam" vədinə əməl edir. Doğrudan da bu gün bu öz təsdiqini tapıb. Bu gün Azərbaycanın inkişafı o qədər zirvədədir ki, biz xarici ölkələrdə deyəndə ki, müharibə şəraitindəyik, amma bu qədər böyük ümumi daxili məhsulumuz var, heç kəs bunu təsəvvür edə bilmir. Bizə sual verirlər ki, axı müharibə şəraitində ola-ola necə bu qədər yüksəlişə nail olmusunuz. Bu yalnız və yalnız prezident İlham Əliyevin gördüyü işlərin sayəsində mümkün olur".
Orxan Bəşirov