Zakir Qaralov prezidentin müşavirəsindən sonra toplantı keçirdi

Zakir Qaralov prezidentin müşavirəsindən sonra toplantı keçirdi

Azərbaycan Prezidenti İlham Əliyevin cari il oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası məqsədilə Baş prokuror Zakir Qaralovun sədrliyi ilə oktyabrın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş nitqi ilə baş prokuror açıb.

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas zamanı dövlət başçısının korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin daha da artırılması, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin israf edilməsinin qarşısının alınması, həmçinin maliyyə və iqtisadi sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması barədə çıxışından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən konkret vəzifələrin icrası tələb edilib.

Müşavirədə İlham Əliyevin göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq işçi qrupların yaradılması, eyni zamanda müxtəlif sahələrdə mütəşəkkil və sistemli xarakter almış korrupsiya cinayətləri törətməkdə olan cinayətkar şəbəkələrin ifşa edilməklə üzvlərinin məsuliyyətə cəlb edilməsi barədə qanunla nəzərdə tutulmuş cinayət təqibi tədbirlərinin qısa müddət ərzində həyata keçirilməsi qərara alınıb.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidentin verdiyi göstərişlərin səmərəli və keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Baş prokuror tərəfindən Bakı şəhəri, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarına korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin və digər dövlət qurumları tərəfindən belə hallara yol verilməsinin qarşısının qəti şəkildə alınması üçün kəsərli təsir tədbirlərinin görülməsi, sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə daxil olmuş müraciətlərin dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə olunması, habelə tabe prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verilib.


OXŞAR XƏBƏRLƏR