KQB ilə əlaqə, milyardlar və sui-qəsdlər: “Vor zakon” müharibələri - VİDEO
Sovet vaxtı çox az qanuni oğru tapılardı ki, KQB ilə əlaqədə olmasın. "Vor zakon”lar KQB-yə lazım idi. Dövlət kriminal aləmi nəzarətdə saxlamaq istəyirdi. Öz növbəsində qanuni oğrular təhlükəsizlik xidməti ilə əməkdaşlığa gedir və lazım olan halda dəstək ala bilirdilər. Əməkdaşlıq etməyən düşərgələrdə ömür boyu çürüyürdü.
Sfera.az bildirir ki, bəzən bu dəstək klanlararası müharibələrdə çox gərəkli olurdu. Xüsusi xidmət orqanlarının Segey adlı məxfi əməkdaşı bir vaxtlar müsahibə vermişdi ki, "Yaponçik" də, "Ded Xasan” da, "Şakro” da onun təşkilatı ilə əməkdaşlıq edib.
Oğru dünyasında bu cür söz-söhbətləri kim eşitməyib ki? Guya "Şakro”ya gizli surətdə zabit rütbəsi veriblər. "Ded Xasan” isə prezidentin köməkçisi Valentin Vlasovu çeçen əsirliyindən xilas edib. Məhz buna görə güc strukturları "Ded Xasan”ın "Rudik”lə bağlı "sxodka”sını (toplantı red.) dağıtmadılar. Həmin "sxodka”da"Rudik Bakinski”nin oğru adı əlindən alındı.
Əslində "Rudik” oğru qanularını pozmamışdı. Sadəcə oğru dünyasının liderlərininn iqtisadi marağı toqquşmuşdu. Dövlət kimin tərəfini tutsa, o qalib gələcəkdi. Mübahisə neft biznesi üstündə idi. "Şakro” və "Ded Xasan” bu biznesə tam yiyələnmək istəyirdilər.
1999-cu ilin fevralında "Rudik” killerlərin açdığı atəşlə dəlik-deşik edildi. "Şakro” isə bu hadisəyədək düz 3 dəfə sui-qəsdə məruz qalmışdı. Yaralanmışdı, ancaq ölməmişdi. Ümumilikdə, bu müharibədə 150 nəfərdən çox adam həyatını itirdi.
90-cı illərin sonu, 2000-ci illərin əvvəlində kriminal liderlərin sərvəti fantastik dərəcədə artmışdı. FSB analitiklərinin məlumatına görə, "Ded Xasan” və "Taro”nun ( Tariel Oniani) hərəyə ən azı 2 milyard dollar sərvəti vardı. Qorxularından cangüdənlərə, mühafizəyə milyonlar xərcləyirdilər.
"Şakro” harasa gedəndə onlarla silahlı mühafizəçi, avtomobillər müşayiət edirdi. Qıraqdan baxana elə gəlirdi ki, prezident kortejidir.
Lakin bunların da əbəs olduğunu görəndə İspaniyaya köçdü. Rusiyada qalan "Ded Xasan" və "Yaponçik” isə bildiyimiz kimi güllələndilər.
İlqar Atabəyli