"Onların sosial şəbəkə hesabları boykot edilsin!" - Deputatdan ÇAĞIRIŞ

"Sosial şəbəkələrdə söyüş və təhqirlərə yol verən şəxslər nəzarət altında olmalıdır".

Bu sözləri  Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev bildirib. 

Sabir Hacıyev sosial şəbəkələrdə Azərbaycana qarşı böhtan və təhqiramiz hərəkətlərə yol verən şəxslərin xarici qüvvələrin diktəsi ilə fəaliyyət göstərdiyini söyləyib:

"Hazırda xaricdə Azərbaycanı istəməyən qüvvələr var. Həmin qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır. İndi bir qrup adam da həmin qüvvələrə qoşularaq, Azərbaycan əleyhinə fəaliyyət göstərir".

Deputat qeyd edib ki, sosial şəbəkələrdə təhqirlərə yol vermək cinayət əməli hesab olunur:

"Bunu sosial şəbəkələrin təsisçiləri də bildirirlər. Ümumiyyətlə, siyasətdə təhqir yolverilməzdir. Biz hər zaman söyüş və təhqirlə mübarizəni pisləyirik, qınayırıq. Təhqir insanlığa və müsəlmanlığa xas olmayan hərəkətdir. Cənab prezident də hər zaman deyir ki, tənqidə dözümlülük nümayiş etdirilir. Hər hansı problem varsa, həmin problemlə bağlı fikir söylənilməsinə heç kəs qarşı çıxmır. Bu tənqidi etmək üçün daha xaricdə gedib oturmaq da lazım deyil. Elə Azərbaycan da tənqid etmək olar və edilir də. Ancaq təhqir və söyüş yolverilməzdir. Təhqir Azərbaycan cəmiyyəti tərəfindən də pislənilir". 

Sabir Hacıyev insanları Azərbaycana qarşı təhqir yağdıran şəxslərin sosial şəbəkə profillərini boykot etməyə çağırıb:

"Mən heç bir sosial şəbəkədə yoxam. Azərbaycana qarşı təhqir edən şəxslərin isə ümumiyyətlə, səhifələrini açıb baxmaram. Digər insanları da onlara baxmamağa çağırıram. Çünki həmin şəxslərin profillərini izləməyin özü onlara dolayı yolla dəstək vermək kimi olur. Hesab edirəm ki, heç bir normal insan başqası haqqında nəlayiq ifadə işlətməyi özünə və şəxsiyyətinə sığışdırmaz. Özünə hörmət edən şəxs heç zaman kimisə təhqir etməz".

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR