Rusiya-Türkiyə münasibətləri dərinləşir - Ermənistan təşviş içində

11:12 / 03.04.2018
2426
Martın 18-də növbəti 6 il üçün Rusiyanın prezidenti seçilmiş Vladimir Putin bu gün, yəni, aprelin 3-də Türkiyəyə səfər edəcək. Böyük nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ölkələrarası ikitərəfli əlaqələr, o cümlədən hərbi əməkdaşlıq məsələləri, habelə regional və dünya əhəmiyyətli mühüm mövzular müzakirə ediləcək.
Həmin gün Ankarada əməkdaşlıq Şurasının Yeddinci iclası keçiriləcək. Türkiyə prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Putin və Ərdoğanın sədrliyi ilə hər iki tərəfdən nazirlər iştirak edəcəklər.
Əməkdaşlıq Şurasının iclasında iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində olacaq, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Aprelin 4-də Ankarada Suriya ilə bağlı üçtərəfli sammitin keçirilməsi planlaşdırılıb ki, həmin sammitdə Rusiya, Türkiyə və İran prezidentləri iştirak edəcəklər.
Prezident seçkilərindən sonra Putinin ilk olaraq məhz Türkiyəyə səfər etməsi heç də təsadüfi deyil. Bu, Moskva üçün Türkiyənin regionda rolunun nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. Türkiyəyə verilən önəm isə Ankaranın timsalında Bakıya da bir mesajdır.
Bu baxımdan Putinin Türkiyəyə səfəri Azərbaycana düşmən Ermənistanda daha çox narahatlıq yaradır. Son illər erməni siyasi və ekspert dairələri, erməni lobbisi Rusiyada və bütün dünyada, Ankara və Moskva arasında dərinləşən əlaqələrdən narahatlıq keçirir və bu münasibətlərin pisləşməsi üçün əllərindən gələni edirlər. Ermənilərin həyəcan təbili çalmalarının əsas səbəbi isə Rusiya-Türkiyə münasibətlərinin dərinləşməsinin Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunacağına mümkün təsiridir. Yəni, Qarabağ məsələsi Moskva və Ankara arasında müzakirə mövzusuna çevrilə bilər.
Ankara və Moskva arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir və bütün mümkün sahələri əhatə edir. Hər iki ölkə bir-birlərini daha yaxşı başa düşürlər. Təsadüfi deyil ki, Türkiyə Rusiyaya qarşı Qərbin apardığı müharibəyə qoşulmadı və heç bir rus diplomatını geri göndərmədi.
Beləliklə, Ərdoğan aydın şəkildə bildirdi ki, Ankara "Skripal işi"nə görə Moskvanın barəsində heç bir tədbir görməyi planlaşdırmır.
Qeyd edək ki, NATO-nun üzvü olan Türkiyə Qərbin Rusiyaya qarşı 4 ildən artıq davam edən sanksiyalarına qoşulmadı və Ankara Rusiyanın Krımı zəbt etməsini tanımasa da bütün Dünyaya bəyan etdi ki, müstəqil xarici siyasət kursu aparır. Bir məqamı xatırlatmaq lazımdır ki, Rusiyanın Су-24 təyyarəsi ilə bağlı krizis yaşandıqda Türkiyə nə NATO-dan, nə də ABŞ-dan kifayət qədər dəstək almadı. Türkiyə bunu unutmayıb, baxmayaraq ki, o, alyans üçün regionun çox mühüm ölkəsidir.
Ümumiyyətlə, hər hansı bir dövlət çətin anlarda ona dəstək olan ölkə və şəxsləri unutmur. Bu mənada Türkiyə kimi qüdrətli bir dövlətin heç nəyə baxmayaraq Rusiyaya qarşı sanksiyaların tətbiqinə və diplomatik savaşa qoşulmaması və Moskva ilə münasibətləri inkişaf etdirməsi bütün sahələrdə misli görünməmiş tarixi xeyirxahlıqdır.
Yəqin ki, baş verənlərə Rusiyanın cavabını çox gözləmək lazım gəlməyəcək. Səfər zamanı biz Putinin Ankaraya minnətdarlığının şahidi ola bilərik. Ola bilsin ki, bu cavab bir sıra məsələlərdə birgə fəaliyyət göstərmək niyyəti münaqişə bölgələrində, o cümlədən Yaxın Şərqdə və Cənubi Qafqazda özünü göstərəcək.
Ehtimal etmək olar ki, Rusiya və Türkiyə bundan sonra bir-birinin maraqlarında daha diqqətli olacaqlar. Türkiyə, özü də Rusiya üçün əvəzolunmaz ölkəyə çevrilir. Bu, Qarabağ problemi olan Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir.
Ermənistan və antitürk dairələrdə narahatlıq doğuran daha bir məqam isə aprelin 3-də Türkiyənin Mərsin şəhərində Putinin səfəri ilə əlaqədar keçiriləcək Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimidir. Türkiyə və Rusiya arasında AES ilə bağlı saziş 2010-ci ildə imzalanıb. 2023-cü ilədək AES-in ilk reaktorunun istismara verilməsi planlaşdırılır. Yəni, ən geci 5 ildən sonra Türkiyə nüvə komponentləri və bəzi nüvə enerjisinə malik olacaq ki, bu da atom silahının yaradılması yolunda mühüm amil sayılır. Türkiyə kimi güclü bir ölkə üçün bu elə də çətin olmayacaq.
Qeyd edək ki, müsəlman ölkələrindən təkcə Pakistanın nüvə silahı var. Yaxın gələcəkdə nüvə dövləti statusu alacaq Türkiyə xarici siyasətdə daha böyük çəkiyə malik olacaq və Dünya gücünə çevriləcək. O cümlədən Qarabağ məsələsində...
Siyasət şöbəsi;
Sfera.az