Ramin Musayev Cüneyt Çakırı Azərbaycana dəvət edib

Ramin Musayev Cüneyt Çakırı Azərbaycana dəvət edib
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Futbol+” qəzetinə geniş müsahibə verib.
 
Sfera.az bildirir ki, Azərbaycan milli komandasının keçirdiyi son yoxlama görüşlərdən danışan Musayev PFL-in növbəti mövsümlə bağlı planlarını da qismən açıqlayıb. 
 
Belə ki, Peşəkar Futbol Liqası növbəti futbol ilindən etibarən əvəzedicilərin yarışı ilə I Divizionu birləşdirmək niyyətindədir: "Hansı klubların ki, büdcəsi buna imkan verəcək, onların əvəzedici komandası aşağı dəstədə çıxış edəcək. İmkanı olmayanlar isə əvəzedicilərə xərclədiyi pulu qoy aşağı yaş qruplarına sərf etsinlər. Uşaq futbolu inkişaf etməlidi ki, gələcəkdə müxtəlif yaş qrupları üzrə yığmalar əziyyət çəkməsinlər. Etiraf edək ki, aşağıdan yuxarıya istedadlı futbolçu ya gəlmir, ya da onların sayı bir əldə olan barmaq qədər azdı. Əsas milli iki hücumçunun ümidinə qalıb. Onlarla rəqabət apara biləcək oyunçu olmadığından, həmin forvardlarda da arxayınlıq yaranır. Sadaladığım bu səbəblərdən reqlamentdə dəyişiklik etməyin zamanı yetişib. Kim ki bizimlə razılaşmayacaq, əvəzedicilərinə Region Liqasında mübarizə aparmasına şərait yaradar. Biz bütün bunları ölkə futbolunun inkişafı naminə edirik. Bildiyiniz kimi, yanvarda hakimlərin Antalyadakı təlim-məşq toplanışını yaxından izləmək üçün Türkiyəyə yollanmışdım. Həmin vaxt orda aşağı yaş qrupları üzrə iki millimiz də toplanış keçirdi. Həmin komandaların hazırlığını izləyərkən məşqçilərin necə əziyyət çəkdiyini gördüm. Bizim uşaqlar türkiyəli həmyaşıdlarından geri qalırlar. Ümid edirəm ki, birinci dəstədə, daha təcrübəli oyunçularla bir çempionatda mübarizə aparmaq yeniyetmə və gənclərimizə çox şey verəcək”.
 
Ramin Musayevin müsahibəsinin digər bəndində rast gəldiyimiz məqam inqilabi və tarixi addım kimi qəbul oluna bilər. Hələ bir neçə il öncə qardaş Türkiyə ilə gerçəkləşdirilməsi gündəmə gələn  oyunçu mübadiləsini indi hakimlərim timsalında görə bilərik. Musayev artıq bununla bağlı ilk görüşünü reallaşdırıb: "Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan – Makedoniya oyunu zamanı  Cüneyt Ç,akırla görüşdüm. Elə ilk dəfədən də məndə ona böyük simpatiya yarandı. Bizim xalqa, insanlarımıza necə böyük hörmət bəslədiyini ilk kəlmələrdən duymaq çətin olmadı. O məndən bizim hakimləri, o cümlədən Ömər Paşayevi soruşdu. Ömərin martın 27-də Alaniyada oyun idarə edəcəyini bildirib ona uğurlar arzuladı. 6-7 il öncə mən Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb bəzi məsələlər barədə söhbət etmişdim. Təəssüf ki, planlarımız həyata keçmədi. Söhbət türk futbolçuların Azərbaycanda, bizimkilərin isə qardaş ölkədə legioner statusu olmadan top qovmasından gedir. Ancaq qarşı tərəf bizim bu istəyimizə razılıq vermədi. Çakırla söhbətdə isə hakimlik məsələsinə toxunduq. Ona dedim ki, ikitərəfli geniş görüş keçirək və razılıq əldə olunarsa, ildə bir neçə dəfə türk hakimlər bizim premyer-liqada, bizim referilər isə superliqada matç idarə etsinlər. Bir növ təcrübə mübadiləsi olsun. Burda söhbət öz hakimlərimizə inamsızlıqdan, məsul oyunlarda onlara güvənməməyimizdən getmir. Heç qonorar söhbəti də aktual deyil. Sadəcə, istəyirik ki, ədalət təmsilçilərimiz də inkişaf etsin, aralarında sağlam rəqabət yaşansın. Desinlər ki, niyə filan hakim superliqada oyun idarə etdi, mən kənarda qaldım? Özünü orda görmək istəyən referi də çalışacaq ki, premyer-liqada idarə etdiyi oyunlarda yüksək qiymət alsın ki, sabah onu da bu layihə çərçivəsində qardaş ölkəyə yollayaq. Bu həm də hakimlərimizin ölkədən kənarda tanınmasına xidmət edə bilər. Cüneyt bəy bu işdə böyük məmnuniyyətlə yardımçı olacağını bildirdi. Ondan başqa Makedoniya ilə oyundan öncə Türkiyə Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu ilə görüşdüm. Onunla da bu mövzuda söhbət etdik. Ümumiyyətlə, yığmanın yoxlama görüşünə türk hakimlər geniş tərkibdə gəlmişdi. Bu yeni sistemin sınaqdan keçirilməsi ilə bağlı idi. Sözsüz ki, qarşı tərəf AFFA rəhbərliyindən və Qurban müəllimdən icazəli şəkildə bunu həyata keçirmişdi. Biz də öz növbəmizdə VAR sistemi ilə maraqlandıq, müsbət və mənfi cəhətlərini öyrəndik. Yusuf bəy hakimlərin təcrübə mübadiləsi ilə bağlı məsələni gələcəkdə görüşüb müzakirə etməli olduğumuzu bildirid. Həmin vaxt az olduğundan geniş müzakirələr apara bilmədik. Yəqin ki, gələcəkdə bu görüş baş tutacaq".
 
Musayev Cüneyt Çakırı Azərbaycan Kubokunun final görüşünə dəvət edib: "Mən onları bizim kubokun final oyununa dəvət etdim. Çakır böyük məmnuniyyətlə gəlmək istədiyini bildirdi. Ancaq bildiyiniz kimi, Cüneyt bəy bu yay Rusiyada təşkil olunacaq mundiala yollancaq hakimlər arasındadı. Onlar üçün isə mayda təlim-məşq toplanışı təşkil olunub. Bu üzdən tanınmış referi Azərbaycana gələ bilməyəcək. Ancaq onu da bildirdi ki, dünya çempionatından sonra nə vaxt istəsəz, Azərbaycana səfər edib çempionat oyunlarını izləyə bilər. Hətta "İstəsəz,Premyer Liqa matçını da idarə edə bilərəm” deməyi də unutmadı. Sözün həqiqi mənasında böyük insandı. Onun bizim hakimlərlə maraqlanması, onların idarə etdiyi oyunlarda yaşananları yada salması Azərbaycan barədə çox yüksək fikirlər səsləndirib, xoş sözlər deməsi mənə çox xoş gəldi. Hiss olundu ki, o bizim çempionatı izləyir. Hakim kimi başqa, insan kimi də çox xoş sözlərə layiqdi. İkitərəfli görüşə gəlincə, inşallah, yaxın vaxtlarda bu görüş baş tutacaq”.(qafqazinfo)

 

OXŞAR XƏBƏRLƏR