Azərbaycanda 90 min dollarlıq böcək tapıldı - FOTO
Cəmiyyət
22:40 / 18.10.2015
1485
Astaranın Şiyəkəran kənd sakini, biologiya müəllimi olan Yunus Qulamov yaşadığı evin həyətində "Kərgədan böcək"lərinə rast gəlib.
Dünyada yalnız müəyyən bölgələrdə yaşaya bilən, latınca adı "Oryctes Nasicornis" olan "Kərgədan böcək"ləri ağırlıqlarının təxminən 30 qatını daşıma xüsusiyyətinə sahib olduqları üçün dünyanın ən güclü böcəyi kimi tanınır. Ekoloqlar çox nadir hallarda rast gəlindiyi bildirilən bu növ böcəklərin alın hissəsində buynuz şəklində bir çıxıntı olduğu üçün bunlara “Kərgədan böcəyi” deyildiyini söyləyirlər. Ev sahibi rastlaşdığı iki böcəyin birinin uzunluğunun 4-5 sm, digərinin isə 2 sm-ə yaxın olduğunu deyir.
Yunus Qulamov anspress-ə bildirib ki, böcəklərdən biri saxlandığı qutu açılarkən uçsa da, ikincisini təkrar tuta bilib. Ümumiyyətlə, bu böcəyin son zamanlar ovuna çıxanların sayı artıb. Bioloq buna səbəb kimi "Kərgədan böcəyi"nin yüksək məbləğdə dəyərinin olması ilə əsaslandırıb. Onun sözlərinə görə, Kərgədan böcəyinin xüsusilə uzaq şərq ölkələrində qiymətli bir canlı olduğu, 90 min dollara satıldığı haqqında hətta Türkiyə mediasında məlumatlar da yayılb. Məlumat mütəxəssislər tərəfindən inkar edilsə də insanların bu böcəklə əlaqəli müzakirələri sosial şəbəkələrdə də davamlı olaraq aparılır. Yayılan xəbərlərdə bu həşəratın 100 min dollardan da baha qiymətə satıldığı iddia olunur. Bir sıra ölkələrdə, məsələn, Yaponiyada bu böcəklərin döyüşü keçirilir. Avropa, Şimali Afrika, Orta və Kiçik Asiya, Qafqaz və Qərbi Sibirin cənubunda yaşayan bu növ həşəratlara flora və faunasının zəngin olduğu Hirkan Milli Parkına yaxın ərazilərdə də rast gəlinməsi təəccüblü görünmür.
Bəlkə də qiymətli olduğuna görə, insanlar gəlir əldə etmək üçün "Kərgədan böcəyi"nin axtarışına çıxacaqlar, amma onu deyək ki, “Kərgədan böcəyi”nin insanlar tərəfindən toplanmasının heç bir faydası yoxdur. İnsanlar bu böcəyi gərəksiz yerə yığıb, həşəratların nəslinin kəsilməsinə səbəb ola bilərlər. Bu böcək yalnız mütəxəssislər və araşdırmaçılar tərəfindən, həm də məhdud sayda toplana bilər.
Sfera.az