Üç oliqarx zəlil ölkəni alır
Rusiyadakı pullu ermənilər tarixi vətənlərinin iqtisadiyyatını və siyasətini ələ keçirməkdədirlər. Bu ayın əvvəllərində "Taşir" konserninin sahibi Samvel Karapetyan Ermənistan iqtisadiyyatının ən önəmli obyektlərindən olan "Ermənistan Elektrik Şəbəkələri"ni (EEŞ) satın aldı. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan isə Ermənistanda siyasi partiya yaratmaq niyyətini açıqlayıb.
Bu hadisələr bir-biri ilə bağlıdır, çünki Rusiyanın Yerevandakı siyasətinin dəyişməsindən xəbər verir.
Ermənistan prezidenti Serj Sarkisyanın yürütdüyü siyasəti bəyənməyən Rusiya faktiki quberniyasındakı proseslər arasında Qərbə meyllənmənin gücləndiyini, Yerevandakı iqtidarınsa yalnız varidatlarını artırmaqdan ibarət məmurlardan ibarət olduğunu və onların da siyasi "layihə"lərinin absurdluğunu görüncə Rusiyanı dəstəkləyən fiqurlardan bundan sonra da aktiv istifadə etməməyə qərar verib.
Bunun əvəzində Moskva Ermənistanda sınanmış kadrlarından, Rusiyada yaşayan erməni oliqarxlardan yararlanacaq.
Ermənistanda siyasi partiya yaratmaq və bu minvalla ölkə müxalifətini daha da zəiflətmək, habelə iqtidardakı Ermənistan Respublikaçılar Partiyasını daim gərginlikdə saxlamaq və Moskvadan sifariş alınan kimi hakimiyyətə təzyiq göstərmək üçün yeni planını reallaşdıran Ara Abramyan niyyətinə Samvel Karapetyanın Yerevandakı adamları olmadan çata bilməyəcək.
Çünki Karapetyan və onun qohumları indi Ermənistanda ən güclü oliqarxik qruplardan birinə çevriliblər. Onlar EEŞ vasitəsilə Ermənistan iqtisadiyyatının və viran qalmış sənayesinin boğazına çöküblər.
İndi Ermənistandakı bütün iş adamları, hətta avqust ayınadək prezident Serj Sarkisyanın ən sərt və radikal rəqibi sayılan Qagik Sarukyan belə, EEŞ-in şərtlərini yerinə yetirmək məcburiyyətindədir. Onların şirkət və müəssisələri elektrik enerjisinin istehlakçılarıdır, bu səbəbdən də EEŞ-ə sürəkli olaraq borcların ödənmə müddətinin uzadılması ilə bağlı xahişlər olunur.
S.Karapetyan indiyədək A.Abramyana daim dəstək verib. Və əgər A.Abramyan Moskvanın göstərişlərini vaxtında, ən başlıcası isə deyilən miqyasda yerinə yetirərsə, Karapetyan ona mütləq kömək edəcək.
Sabiq prezident Robert Köçəryanın "xəzinədar"ı və şirkətlərinin "icraçı direktoru" oliqarx Qagik Sarukyanın müxalifət lideri olmaq fikrinə düşməsi onun başına bəla açdı.
Sarkisyan bu oliqarxdan çəkinmirdi və onu Köçəryanın yekəpər, amma təlxəyə bənzəyən marionetkası sayırdı. Və günlərin birində həmin marionetka "Ermənistan müxalifətinin lideri mənəm, hakimiyyət mənimlə hesablaşmalıdır" deyərək hakimiyyət koalisiyasını tərk edəndə, iqtidara qarşı mübarizəyə başlamaq niyyətini açıqlayanda Serj Sarkisyanın səbir kasası daşdı və o, hakimiyyətə gəlməsində müstəsna rol oynamış Robert Köçəryanın "küçüyü"nü cəzalandırmaq qərarına gəldi.
Əvvəlcə "Çiçəklənən Ermənistan Partiyası"nın əsas funksionerləri təşkilatdan ayrılaraq iqtidardakı Ermənistan Respublikaçılar Partiyasına keçdilər və sabiq liderləri Sarukyanın necə də yaramaz, naqis və s. adam olduğunu bəyan etdilər, sonra partiyadakı iş adamlarının şirkətlərində yoxlamalar başlandı, axırda da ÇEP-in ideoloqu və Q.Sarukyannın sağ əli, sabiq XİN başçısı Vardan Oskanyanın başçılıq etdiyi fond vergi cinayətlərində suçlanaraq qapadıldı, onun özü isə deputat mandatından imtina etdi.
Daha sonra Qagik Sarukyan prezidentin iqamətgahına çağırıldı, ona "ya siyasətdən, ya da bütün biznesindən əl çəkirsən" ultimatumu verildi.
Sarukyan biznesinə hücumlardan sonra qalmış obyektlərini seçdi və ÇEP sədrliyindən istefa verərək aktiv siyasəti tərk etdiyini dedi.
Beləcə, Ermənistan prezidenti Serj Sarkisyan həm "həddini aşmış" oliqarxı cəzalandırdı, həm də müxalifətin maliyyə imkanlarını minimuma endirdi.
Ara Abramyanın siyasi partiya yaratması isə pulsuz qalmış müxalifətçilərin bir qisminin Moskvanın Yerevandakı yeni layihəyə qatılmalarını şərtləndirəcək.
Oliqarx A.Abramyan Yerevanda siyasi məqsədlərini reallaşdırmaq üçün pul xərcləməyə başlasa, pulsuzluqdan xroniki əzab çəkən "müstəqil siyasətçilər və demokratlar"ın ona pənah aparacaqları şübhəsizdir.
Dəfələrlə alınıb-satılan partiyalar Qagik Sarukyanın pullarından məhrum olduqları üçün yürüşlər, mitinqlər keçirə bilmirlər. Onlar hətta "müstəqil" saytlarını belə, normal işlətmək üçün pul axtarırlar.
İndisə pullar peyda olur.
Ermənistandakı "mətin müxalifətçilər" üçünsə pulun Sarukyan, yaxud Abramyandan alınmasının heç bir fərqi yoxdur. Əsas odur ki, pullar vaxtında verilsin, özü də mümkün qədər çox.
Belə əxlaqsızlığa isə erməni müxalifətçiləri həmişəki kimi "millətin rifahı və ölkədə demokratiya prinsiplərinin bərqərar olması üçün zərurət" donu geydirməyə çalışacaqlar.
Müxalifət partiyalarının əxlaqsız qadın kimi satılmağa hər an hazır olmalarına sabiq prezident Levon Ter-Petrosyan ötən il dəqiq bəraət qazandırmışdı: "Hakimiyyətlə mübarizədə qalib gəlmək, vətəni xilas etmək üçün İblislə də əməkdaşlığa hazırıq".
Ona görə də milyarder Ara Abramyan Ermənistanda müxalifətçilərlə bahəm, ölkənin ən yoxsul təbəqəsinin mənsublarını cəlb edəcək adama çevrilə bilər. Erməni kasıblara, işsizlərə seçkiqabağı dövrdə onlara "səs vermək üçün" pullar paylayacaq, ya da Qagik Sarukyanın bir zamanlar çox sevdiyi "xeyriyyəçilik tədbirləri"ni təkrarlayacaq adam lazımdır.
Ermənistan siyasətini ələ almağa hazırlaşan Ara Abramyan və Samvel Karapetyan duetinə Rusiyada yaşayan daha bir erməni milyarder - Ruben Vardanyan da qatıla bilər.
Əgər Ara Abramyan kasıblar və işsizlərdən ibarət elektoratı özünə cəlb etməyə hazırlaşırsa, Samvel Karapetyan yerli oliqarxiyanı əzib ram etmək istəyirsə - Ruben Vardanyan liberalları və "ziyalı"ları hədəfə alıb.
R.Vardanyan savadlı, zəngin dünyagörüşlü, pullarını iqtisadiyyatın intellektual sahələrində qazanan, həmçinin təhsil və elmə pul yatıran adam kimi tanınır.
Bu üç erməni oliqarxın işbirliyi Ermənistanda can verməkdə olan müxalifət düşərgəsini ümumiyyətlə məhv edə bilər. Sözsüz, Ermənistanda Qərb meylli siyasətçilər və ictimai xadimlər qalacaq, lakin oliqarxların pressinqi onları marginallara, siyasi hadisələrə əsla təsir gücü olmayan biveclərə çevirəcək.
Müstəqilliyini artıq nəzəri cəhətdən də itirərək Rusiyanın tam nəzarətində olacaq Ermənistanda belə adamlar nə edə biləcəklər ki... /file/articles//file/articles/milli.az
Sfera.az