Zahid Orucdan Eldar Mahmudova ağır ittihamlar

Zahid Orucdan Eldar Mahmudova ağır ittihamlar
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Eldar Mahmudov işdən çıxarılandan sonra mətbuatda bu olayla bağlı geniş müzakirələr açılıb. Hətta eks-nazirin həbsini iddia edənlər də var.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü  Zahid Oruc Modern.az-a açıqlamasında Prezidentin sərəncamına münasibət bildirib.
Onun sözlərinə görə, bir çoxları üçün gözlənilməz olan bu addımın əsl səbəbləri yalnız ölkə rəhbərinə bəllidir.
“Bununla bərabər, ötən dövr ərzində milli təhlükəsizlik sferasında görülmüş işlərin müsbət qiymətləndirilməsini hamımız təqdir edirik. Lakin onun paralelində “dövlət başçısını nələr qane etməyib” sualına cənab İlham Əliyevin idarəetmə stilinin və yüksək tələblərlə yanaşdığı komandasına son mesajlarının kontekstində aydınlıq gətirə bilərik.
Öncə dövlət sistemində stuktur islahatlarının davam etdiriləcəyini, komandada yeniliklərin olacağını, idarəetmənin yeni mərhələsinə keçidin baş verəcəyini vurğulamaq istəyirəm.
Unutmamısızsa, bir müddət öncə Milli Təhülkəsizlik Nazirliyinin də mühüm səlahiyyətlərindən biri başqa quruma tapşırılmışdı. Bunun niyə edildiyini başa düşmək çətin deyildi. Siyasi elitamızın kürəyini söykəməli olduğu orqan özü tam təhlükəsizlik qarantiyasını ortaya qoya bilmir, əksinə bəzən ciddi hakimiyyət spamları yaradırdı”.
Deputat həmçinin bu müddət ərzində MTN orqanlarının daha çox nələri etməli olduğunu barədə də danışıb.
“Nəzərə almalıyıq ki, bu struktur xəfiyyə orqanıdır. Kəşfiyyat sistemi isə peşəkarları tələb edir. Bu o deməkdir ki, regional miqyasda milli mənafeyimiz əleyhinə istənilən riskləri – terror planlarını, mütəşəkkil iqtisadi cinayətkarlıq cəhdlərini, hətta hərbi xarakterli məsələləri də fəaliyyətinin başlıca hədəfində saxlamalı olan orqan sanki narkotiklərə qarşı mübarizə strukturu səviyyəsinə enmişdi.
Daha geniş miqyaslı işləri buraxıb lokal səviyyəli və daxildə digər qurumlarla paralel çalışmağa cəhd eləmək dövləti beynəlxalq maraqları uğrunda mübarizədə xeyli zəif salırdı. Gəlin razılaşaq ki, Azərbaycanın təhlükəsilik orqanı iqtisadi inkişafımızın başlıca qoruyucusuna və maraqlarımızın irəliləməsinə demək olar ki, əsaslı yardım edə bilmirdi.
Gözəgörünməz cəbhədə ölkəmiz əleyhinə planları, təhdidləri aradan qaldırmalı olan orqan kəşfiyyat işində də böyük uğurlara imza ata bilmirdi.
Çünki qlobal miqyasda düşüməyi bacarmaq, konseptual layihələrlə işləyənlərə istinad etmək, beyin mərkəzi rolunu oynamaq əvəzinə, daha dar çərçivədə mövqe savaşı aparmaq, yaxud qanunsuz dinləmlər həyata keçirmək milli təhlükəsilik siyasəti sayıla bilməzdi”,-deyə Zahid Oruc Eldar Mahmudovun rəhbərliyini tənqid edib.
Parlament üzvü deyib ki, dövlətin bu günə qədərki sabitliyini qürur mənbəyi kimi vurğulayırıq, amma, bunun yalnız MTN tərəfindən təmin olunduğunu söyləmək çətindir.
“Burada prezident yanında mühafizə xidməti və digər strukturların rolu misilsiz olub. Məhz ona görə regional miqyasda ölkəmizin maraqları üçün atılan addımların miqyası məxfi xidmətin işinin təşkilinə görə siyasi elitamızı qətiyyən qane etmirdi. Görünən bu idi ki, biz mühüm hədəflərdən qalmışıq. Təbii ,biz qlobal miqyaslı vəzifələri qarşımıza qoymamışıq. Çünki beynəlxalq siyasi düzəni müyyənləşdirən dövlət deyilik, lakin bölgədə mənafe savaşında hansı kontur planlarımız var…
“Xəfiyyə orqanları burada hansı rol oynayır?” məsələsi heç vaxt qanedici cavabını tapmayıb. Ona görə bizim məkanda xarici xidmət orqanları da xeyli kök salmışdı”.
Kadr məsələsinə toxunan deputat bu məsələdə də çatışmazlıqların olduğunu istisna etməyib, həmçinin, peşəkar kadrların sıradan çıxdığını da deyib.
Zahid Oruc Milli Təhlükəsizlik Nazirliyində Beynəlxalq Bankla bağlı məsələnin həll edilməməsi və sahibkarların incidilməsi məsələsinə də aydınlıq gətirib.
“Beynəlxalq Bankın ətrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayətlərə qarşı mübarizə aparmalı olan orqan dövlətin əsas maliyyə siyasətini həyata keçirməkdə iştirak edən Beynəlxalq Bankın geri qaytarılmayan kreditlərində də iştirakçı olub və hər hansı bir məsuliyyətə də malikdir.
Bu işin araşdırılmasının Daxili İşlər Nazirliyinə tapşırılması təsadüfi deyil. Çünki dövlətin həmin struktura zamanın sınağından çıxmış əsaslı etimadı var. Beynəlxalq Bankla bağlı işin ölkənin maliyyə-bank sferasına və iqtisadi sabitliyə vurdğu ziyanı artıq hamı etiraf edir.
Qeyri-rəsmi məlumata görə manatın dollar qarşısında 33.5 devalvasiyası zamanı da məxfi məlumatlardan, dövlət sirlərinin əldə edilməsindən böyük iqtisadi fayda götürülməsi üçün istifadə edilib.
Bu isə dövləti həyata keçirmək istədiyi iqtisadi tədbirin linç edilməsi idi və gözlənilən iqtisadi təhülkədən az itki ilə çıxmasını xeyli əngəlləmiş oldu. Adətən belə məsələrlə xarici xidmət orqanları və diversiya qrupları məşğul olur. Bir məqamı da xüsusi qeyd etməliyik.
Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısının sahibkarlığın boğulması istiqamətindəki mesajlarının ünvanı ətrafında ictimaiyyətdə böyük diskussiyalar və canlı axtarışlar gedirdi.
Sahibkarın soyulması ilə yeni iş yerlərinin açılmasına vurulan zərbə və büdcəyə ödəmələrin əngəllənməsi haqlı olaraq dövlətin birinci şəxsində qəzəb doğurmuşdu.
Orada sahibkarlığın boğulması, onların müxtəlif soyulmalara məruz qaldığı vurğulandı. Lakin hamıya bəllidir ki, hüquq-mühafizə orqanlarının müdaxiləsindən danışarkən ilk növbədə MTN nəzərdə tutulurdu.
Çünki iş adamları üzərində töycü və təhkimçilik qaydalarını quran, onlardan qanunsuz ödəmələr tələb edən nə qədər dəhşətli olsa da,  təhlükəsizlik qurumunun təmsilçiləri idi.
Ölkəyə gələn azərbaycanlı iş adamalarının sanki ovu aparılırdı. Hərəsinin üstünə “damarına baxıb qan təzminatı” qoyulurdu.  Özünə və iqtisadi fəaliyyətinə təhlükə görən vətəndaş əlində olan heç bir mühüm xəbəri həmin təşkilata verməzdi.
Bu isə əzəmətli və mifik gücə çevrilən Mərkəzi Kəşfiyyat İdarəsinə bənzər quruma çevrilmək əvəzinə, sadəcə qorxu saçan struktur effekti doğururdu.
Əgər kiminsə pulunu alaraq onunla qeyri-rəsmi biznes ortağına çevrilirsənsə, onda həmin adamların separatçı və cinayətkar şəxslərdən də maddi ödənclər müqabilində ölkənin mənafeyini satmaq perspektivini ağlımıza gətirməliyik.
Bu isə insanlarda etimad əvəzinə, sadəcə qorxu istinkti ilə işləmək deməkdir.
Buna istənilən ictimai sorğularda şahid ola bilərsiniz. Təəssüf ki, ölkənin milli təhlükəsizlik həyatı ilə bağlı əsas qoruyucu zireh olan bir təşkilatın təmsilçiləri bölgələrdə müxtəlif şəkildə sahibkarlıq fəaliyyətinə müdaxilələr edirlər.
Bu cür hallarla dəfələrlə qarşılaşmışıq. Onlarla insanın müraciəti bizdə hələ də durur. Lakin onları ictimailəşdirmədən digər vasitələrlə aradan qaldırmaq cəhdləri isə belə vəziyyətə səbəb olurdu. Cəmiyyətdə mif yaratmağa borclu olan bir nazirlikdən insanlar özlərini qorumağa cəhd göstərirdilər.
Sfera.az

OXŞAR XƏBƏRLƏR