Öldürdüyü adamın ruhu qatili təqib etdi: REAL FAKTLAR

Öldürdüyü adamın ruhu qatili təqib etdi: REAL FAKTLAR
2014-cü oktyabrın 10-da Rusiyanın Çelyabinsk vilayətinin Miassa şəhər polis idarəsinin istintaq şöbəsinə 48 yaşlı kişi daxil olaraq cinayət törətdiyini etiraf etdi:
"Adam öldürmüşəm”.

Kişi cinayəti düz bir il əvvəl törətmişdi. Bəs onu törətdiyi qətli indi etiraf etməsinə səbəb nə idi? Bu səbəb hətta ən qocaman və təcrübəli müstəntiqləri belə heyrətə gətirdi. Sfera.az həmin dəhşətli əhvalat haqda danışacaq.

Sərxoş müştəri
 

Cinayətini etiraf edən kişinin adı Arseni Nikolayeviç Rıbakov idi. Çox sakit, indiyədək heç bir qanun pozuntusu törətməmiş vətəndaş idi. 48 yaşı olsa da, ailə qurmamışdı. Daimi işi də yox idi. Ancaq köhnə tipli televizorları və radioları təmir etməklə çörəkpulu qazanırdı. Müştəriləri elə də çox deyildi. Çünki köhnə tipli, lampalı telivizorlara indi az rast gəlmək olur.
 

Ancaq şikayətlənmirdi. Tək yaşadığından elə bu az qazancı da bəs edirdi. Əlbəttə, o da əksər ruslar kimi spirtli içkini xoşlayırdı. Fərq o idi ki, başqaları kimi içib dava salmaqla arası yox idi. Evində içirdi. Odur ki, heç vaxt özünə diqqət çəkmirdi. Qonşuları da onu sakit və zərərsiz adam kimi xarakterizə edirdilər.
2013-cü ilin avqustunda müştərilərindən birinin – GennadiPetrovun televizorunu təmir edib təhvil verdi. Əmin idi ki, televizor işləyəcək, onu düzəldənədək babat çalışmışdı.

Lakin bir həftə sonra 38 yaşlı Petrov geri qayıtdı. Hay-küylə televizorun yenidən xarab olduğunu söylədi. Petrov sərxoş idi. Söyüş söyürdü. Yumruqlarını işə salanda Arseni müdafiə olunmağa çalışdı. Ancaq özündən cavana gücü yetmədi. Qəfildən əlinə televizorları təmir etdiyi vintaçan keçdi. Zərblə onu Petrovun boynuna yeritdi. Zərbə sərxoş gəncin qan arteriyasını deşdi. Gennadi yıxıldı və bir neçə dəqiqə çırpındıqdan sonra keçindi.

Rıbakov onun nəbzini yoxladı. Müştəri ölmüşdü. Qorxudan donub qaldı. Polisə zəng edib nə deyəcəkdi? Özünü müdafiə etdiyini desəydi belə, yenə minimal həbs cəzası alacaqdı. Bunu hələ isbat etmək lazım idi. Həbsxanaya düşmək isə onun planlarına daxil deyildi.
Qapını bağlayıb gecənin düşməyini gözlədi. Gecə düşəndə meyiti polietilen torbaya büküb həyətindəki bostanda basdırdı. İzi itirmək üçün məzarın üstünə köhnə taxtalar, metal parçaları,əşyalar yığdı.

Evdəki qan izlərini sildi, döşəməni təkrar-təkrar yudu. İzlər itmişdi. Ancaq cinayətin izini beynindən çıxarmaq daha çətin idi.


Dəhşət dolu aylar

Həmin gündən etibarən televizor ustasının həyatı cəhənnəmə döndü. O hər taqqıltıdan diksinirdi. Ona elə gəlirdi ki, polis hər an qapını döyə bilər. Vəssalam, indicə qolunu burub həbsxanaya aparacaqlar. Ən dəhşətli anlar isə gecələr başlayırdı.

Rıbakov öldürdüyü şəxsin ruhunu görürdü. Hər gecə Pertovun ruhu gəlirdi. Boynuna saplanmış vintaçanla evin ortasında durur, dinib-danışmadan ona baxırdı. Gah da əli ilə ona bostana tərəf çıxmağını işarə edirdi. Rıbakova elə gəlirdi ki, bu dəqiqə dəli olacaq. Bu minvalla 6 ay keçdi. Rıbakov dəhşətli görüntülərdən yaxa qurtarmaq üçün evini satmaq qərarına gəldi.

Evi alan şəxslərin bostandakı məzarı tapacaqları onu maraqlandırmırdı. Təki bu cəhənnəm əzabından xilas olsun. Evi çox ucuz satdı. Bu pula yeni mənzil almaq mümkün deyildi. Pulu az bir zamanda xərcləyib qurtardı və şəhərdəki çoxsaylı "bomj”ların sıralarına qatıldı. Ancaq Petrovun ruhu onu yenə təqib edir, rahat buraxmırdı. Bundan yaxa qurtarmağın bir yolu vardı: günahını etiraf edib polisə təslim olmaq.
Polisə gəlib törətdiyi cinayəti etiraf etdi...

Hazırda istintaq davam edir. Rıbakovun gerçəkdən özünü müdafiə edib-etməməsi araşdırılır. Petrov isə bu vaxtadək itkin düşmüş sayılırdı. Artıq onun qalıqları məzardan çıxarılaraq tibbi ekspertizaya göndərilib.

İlqar Atabəyli
 

OXŞAR XƏBƏRLƏR