Enerji içkiləri öldürür? - Gəncləri gözləyən TƏHLÜKƏ

Enerji içkiləri öldürür? - Gəncləri gözləyən TƏHLÜKƏ
Enerji içkiləri insan səhhəti üçün kifayət qədər zərərlidir. Bu cür içkilərin azyaşlılar, hamilələr, o cümlədən də südverən qadınlar tərəfindən içilməsi qadağandır. Bu barədə məlumat enerji içkilərinin üzərində də yazılıb.

Bu cür içkilər hətta insanın ölümünə də səbəb ola bilər. Səbəb bir çox halda dozanın aşılması olur. Qablaşdırmada gündə 1 ədəddən artıq içilməməsi və alkaqollu içkilərlə qarışdırılmaması haqda məlumat olsa da, gün ərzində 3-5 ədəd enerji içkisi içən gənclər var. Bir çox insan isə xüsusilə də, viskini enerji içkisi ilə qarışdırıb içir. Bir sözlə, insanlar bu cür içkilərin necə qəbul edilməsi qaydasından xəbərsiz olduqları üçün arzuolunmaz hadisələrin baş verməsi də labüddür. Ən qorxulu tendensiya isə bu cür içkilərin uşaqlarn da menyusuna daxil olmasıdır. 
 
"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Sfera.az-a açıqlamasında bu içkilərin zərərindən danışaraq qeyd edib ki, hətta bu gün bir çox məktəblərin bufetində də bu cür içkilər açıq-aşkar satılır: 

"4 il bundan öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün standartlar qəbul etdikdən sonra bu cür yerlərdə enerji içkilərinin satışı qadağan olundu. Lakin apardığımız monitorinqlər onu göstərir ki, bu gün belə bufetlərin 60 faizində enerji içkiləri satılır. Ən üzücü hallardan biri də budur ki, ölkədə keçirilən velosiped yarışlarına bu içkilərlə tanınan brend sponsorluq edir. Enerji içkisinin idmanla nə əlaqəsi var?”.
 
E.Hüseynov bildirir ki, beynəlxalq təşkilatlar da insanları enerji içkiləri almamağa səsləyir:
 
"Fizika haqda bir az biliyi olan şəxslər bilir ki, isti aylarda enerji içkilər içmək insanlara sərinlik gətirir. Bu isə o deməkdir ki, insanın bədənindən enerji ayrılır. Bu cür içkilər yerə tökdükdə, necə ki, mərmərə yapışıb qır kimi qalır, insanın qan-damar sistemində də o cür yapışaraq qalır”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR