Vəzifəli şəxslərin tender oyunu
Əliməmməd Nuriyev: ““Maraqlar toqquşması haqqında” qanun olmalıdır ki, ayrı-ayrı dövlət qurumlarında qohumluq əlaqələri favoritizm geniş yayılmasın, tender prosesi sifarişlərin məhz onlara verilməsinə gətirib çıxarmasın”
Azərbaycanda təəssüf ki, dövlət məmurları bir sıra hallarda bizneslə də məşğul olurlar. Bu mənada maraqlıdır, görəsən dövlət məmuru özünün, yaxud da qohumlarının qurduğu şirkətdən tenderlə də olsa alış-veriş edə bilərmi?
Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Sfera.az-a açıqlamasında qeyd etdi ki, dövlət məmurları qohumluq münasibətində olan şəxslərlə tender həyata keçirə bilməz: “Dövlət satınalımaları haqqında” qanuna görə tenderlər zamanı maraq toqquşmasının qarşısını almaq üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilməlidir. Yəni qohumluq münasibətləri varsa, belə olan halda həmin münasibətdə olan şəxslər arasında tender həyata keçirilə bilməz. Bu zaman tenderdə iştirak edən şəxslər bunu bildirməyə borcludurlar. Amma Azərbaycanda maraqlar toqquşması və vəzifəli şəxslərin prosesə müdaxiləsinin qarşısını almaq haqqında qanun, yəni bu məsələləri realizə etmək mexanizmi olmadığından, məsələ problemli xarakter almağa başlayıb.
Tutaq ki, kimsə hansısa bir şirkətin təsisçisi olur, sonradan hər hansı bir dövlət orqanında vəzifə alır. Bu zaman həmin şirkət kimə tapşırılır, onun idarə edilməsi necə olmalıdır? Dividentlərin alınması məsələsi necə olmalıdır? Təsisçisi olduğu şirkətlə hazırda vəzifə tutduğu orqan arasında münasibət yarananda hansı mövqeni tutmalıdır? Bu davranış seçilərkən hansı alətlərdən istifadə edilməlidir? Bütün bunlarla bağlı mexanizmlər olmadığından hazırkı sistemdə tenderlərin verilməsində qohumluq əlaqələri, yalançı şirkətlər mühüm rol oynayır. Eyni zamanda, bu məmurlar həmin yalançı şirkətlər vasitəsilə tenderlərdə iştirak edib, qələbəni özləri üçün təmin edirlər. Nəticədə həmin məmur ikiqat qazanır. Belə olan halda görülən işin keyfiyyəti məsələsində problemlər yarana bilər. Bu problem olmasa da, həmin istiqamətdə fəaliyyətlə bağlı rəqəmlər şişirdilər.
Üçüncü bir tərəfdən, məmur özünün, ya da qohumun qurduğu şirkət vasitəsilə tender vasitəsilə alış-veriş etməklə həm şirkəti, həm də onun özü qazanır. Bu şirkətdə baş verən nöqsanlarla bağlı da həmin məmur çox zaman susqunluq nümayiş etdirir. O baxımdan hesab edirəm ki, “Dövlət Satınalınmaları Haqqında” qanuna dəyişikliklər edilməlidir. Eyni zamanda, Azərbaycanda vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanun qəbul olunmalıdır. Onu da qeyd edim ki, “Maraqların toqquşması haqqında” qanun layihəsi bir neçə ildir ki, özümün də üzv olduğum Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının qanunvericilik qrupu tərəfindən hazırlanıb. Ümid etmək istərdim ki, bu qanun qəbul ediləcək. Çünki, onun qəbulu mövcud problemlərin həllinə xidmət edəcək.
“Maraqlar toqquşması haqqında” qanunun olmaması ölkədə, ayrı-ayrı dövlət qurumlarında qohumluq əlaqələrinin, favoritizmin geniş yayılmasına səbəb olur, sifarişlərin onlara verilməsinə gətirib çıxarır. Dövlət Satınalınmaları Agentliyinin üzərinə düşən vəzifələrin icrası məsələsində də müəyyən problemlər var. Onlar vətəndaş cəmiyyətini də eşitmir. Bu qurum tender həyata keçirən qurum olsa da, həmin sahədəki fəaliyyətləri minimum səviyyədədir. Onun saytında vaxtında tenderin nəticələri, şikayətlərlə bağlı məlumatları almaq olmur. Bu qurumun fəlsəfəsi ciddi şəkildə dəyişməlidir. Xüsusən də qarşıdakı dövr tender məsələsinə daha ciddi yanaşmanı tələb edir”.
ELÇİN