Həbs edilən hakim qızının mənimsədiyi pullar - Şok məbləğ

Həbs edilən hakim qızının mənimsədiyi pullar -  Şok məbləğ
2011-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən Şölə Gülamalıyeva bu dəfə özü polisə müraciət edib.
Sfera.az-in Qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, hazırda Penitenisiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisində saxlanılan 1955-ci il təvəllüdlü Şölə Gülmalıyeva həmin vaxt banklardan alıb geri qaytarmadığı pulları kimlərə verdiyini açıqlayıb və həmin şəxslərdən şikayətçi olduğunu bildirib.

Ş.Gülmalıyeva ərizəsində qeyd edib ki, 2005-ci ildə Ramiz adlı şəxs ondan 25 min, Vüqar adlı şəxs 70 min, Səmahət adlı şəxs 157 min və Məhərrəm adlı şəxs 161 min manat alıb qaytarmayıb. Keçmiş məktəb direktoru olan Şölə Gülmalıyeva həmin şəxsləri dələduzluqda ittiham edib. Şikayət üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, ayrı-ayrı şəxslərin əmlakının aldatma yolu ilə ələ keçirmələri barədə vətəndaşların çoxsaylı şikayətləri və "Kapitalbank" ASC-nin 1 nömrəli Binəqədi rayon filialının vəzifəli şəxsləri barəsində toplanmış materiallar üzrə başlanılmış cinayət işinin istintaqı zamanı Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2500 manat məbləğində rüşvət aldığı müəyyən edilib.

Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilib ki, 2006-2009-cu illərdə Ş.Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında "Kapital Bank"ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilib, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş. Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilib.

Bank tərəfindən Şölə Gülmalıyevadan götürdüyü kreditlər üzrə yaranmış əsas və faiz borclarının ödənilməsi tələb edildikdə, sonuncu ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla bankdan 6 halda cəmi 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka krediti rəsmiləşdirərək həmin borcları ödəyib.

Bundan başqa Ş.Gülmalıyeva qeyd olunan illər ərzində "Nikoil Bank"ın 2 nömrəli filialından da ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürdüyü, eləcə də ayrı-ayrı vətəndaşları aldadaraq, onların külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Onu da qeyd edək ki, Şölə Gülmalıyevanın atası Adil Seyidov Azərbaycanın tanınmış hakimlərindən olub. O, 70-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Cəlilabad rayon Məhkəməsinin sədri, daha sonra isə Bərdə və Xaçmaz şəhər Məhkəmələrində hakim vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR