Böyükağa Hacıyev vəfat etdi
İdman
12:10 / 16.03.2018
2125
"Neftçi”nin və Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev rəhmətə gedib.
Sfera.az xəbər verir ki, tanınmış məşqçi bu gün səhər dünyasını dəyişib.
Məlumatı "Qafqazinfo"ya açıqlamasında Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev də təsdiqləyib.
Böyükağa Hacıyev Azərbaycan futbolunda tanınmış simalardan biridir. O, "Neftçi” ilə Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazıb. Böyükağa Hacıyev ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşməklə ölkə futbolunun tarixinə düşüb.
O, futbola "Qarabağ”da başlayıb. Ağdam klubunda ilk olaraq uşaq futbol məşqçisi işləyən Hacıyev 1995-ci ildən əvəzedici komandanı çalışdırmağa başlayıb. 1998-ci ildə Azərbaycan kubokunun finalında "Kəpəz”ə məğlub olaraq "Qarabağ”a gümüş medallar qazandırıb. O, sonradan "Araz Naxçıvan”da çalışıb. Bir müddət ölkə xaricinə yollanan mütəxəssis İranda "Maşınsazi” klubunda işləyib.
Sonradan bu komandanın baş məşqçisi olub. O, 2004-2005-ci illərdə "Traktor Sazi”yə rəhbərlik edib. 2005-ci ildə milli komandada Vaqif Sadıqovun köməkçisi olub. 2006-cı ildə "Bakı” klubu ilə Azərbaycan çempionu adını qazanır. Sonradan "Standart”a gedən Hacıyev 2011-ci ildən tarix yazdığı "Neftçi”yə gəlir. Elə həmin ilin sonunda komanda Avropa Liqasının qrup mərhələsində oynayır. Uzun müddət "Neftçi”də çalışan mütəxəssisin sonuncu iş yeri də paytaxt klubu olur. Bundan sonra isə Hacıyev fəaliyyətini AFFA Məşqçilər Komitəsində davam etdirir.