Toy günü gəlinin ölümünə səbəb olan şəxsə - HÖKM oxundu

Toy günü gəlinin ölümünə səbəb olan şəxsə -  HÖKM oxundu

Gözəllik salonundan qayıdarkən qəzaya düşən maşında 22 yaşlı Vəsilə Qurbanova dünyasını dəyişmişdi 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə  təqsirləndirilən Teymur Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən Teymur Yusifovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Təqsirləndirilən şəxs məhkəmə də son söz deyərək bildirib ki, onun günahı yoxdur. Məhkəmə onun yaşını və ürək xəstəsi olmasını nəzərə alaraq düzgün qərar çıxarsın.

Hakimlər kollegiyasının hökmünə əsasən, Teymur Yusifov 6 il 11 ay 28  gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyun ayında baş verib. Zirə qəsəbəsində, Artyom ərazisində 1990-cı il təvəllüdlü Sail Yadulla oğlu Bədərlinin idarə etdiyi "Hyundai" markalı avtomobil Teymur Yusifovun idarə etdiyi  "VAZ" markalı maşınla toqquşub. Qəza zamanı zərbənin təsirindən "Hyundai" markalı maşın aşıb.

Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Nüsrət qızı Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza da onlar salondan qayıdarkən baş verib.

Onu da qeyd edək ki, Teymur Yusifov  hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR