Duqindən sensasiya: 5 rayonla bağlı razılaşma var - VİDEO

Duqindən sensasiya: 5 rayonla bağlı razılaşma var - VİDEO
İşğal altında olan 5 rayonun qaytarılması ilə bağlı sensasiyalı açıqlama verilib. Açıqlamada bununla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşmanın mövcud olduğu bildirilib. Açıqlamanın müəllifi isə Rusiya siyasətinin önəmli fiqurlarından olan ideoloq Aleksandr Duqindir. O, daha nələr deyib? Növbəti süjetimizdə...

''Beş rayonun qaytarılması ilə bağlı razılaşma mövcuddur". Belə bir sensasiyalı açıqlamanı Kremlin ideoloqu və boz kardinalı, Rusiya millətçi lideri, "Beynəlxalq Avrasiya Hərəkatının" rəhbəri, politoloq Aleksandr Duqin Ermənistanın 1in.am saytına müsahibəsində deyib:

"Bəli, beş bölgənin köçürülməsi haqqında saziş mövcuddur. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları var. Ancaq bu məsələ üç ölkədə fərqli şəkildə şərh edilir. Azərbaycan mətbuatı bunu qələbə kimi dəyərləndirir, erməni mətbuatı bunu xəyanət sayır, ruslar üçün isə bunun, ümumiyyətlə, mənası yoxdur”.

Onun fikrincə, "Qarabağ problemi hər şeydən öncə Ermənistan və Azərbaycan xalqlarının problemidir. Bu, təkcə dövlətlərarası münasibət yox, həm də xalqlararası münasibət deməkdir. Aleksandr Duqin bildirib ki, münaqişənin həll olunması prosesinə Rusiya, İran və Türkiyə kimi Avrasiya qüvvələri cəlb olunmalı və onların çoxmillətli, milli və dini qruplar arasındakı qarşılıqlı təcrübəsindən yararlanmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi birdəfəlik həllini tapmalıdır.

"Bu problemin həlli üçün Türkiyə Azərbaycanın, İran Ermənistanın, Rusiya isə hər iki tərəfin yanında yer almaqla prosesin başladılması, prinsipcə, reallaşa bilər. Niyə də olmasın?! Rusiya yalnız xristian ölkəsi deyil. Bəli, biz pravoslavıq. Lakin ölkəmizdə çoxlu müsəlmanlar var, buna görə də müsəlmanlara düşmənlərimiz kimi baxa bilmərik. Türkiyə və İran müsəlman ölkəsidir. Türkiyə milli birlik əsasında azərbaycanlılarla bağlıdır. İranın isə hind-avropa kökləri ermənilərlə əlaqələrə əsaslanır. İranın "Cənubi Azərbaycan" problemi də var. Beləliklə, bu üçbucağın öz maraqları və prioritetləri var və biz onların konsolidasiyasını, daha diqqətli və sakit bir şəkildə təşkil etməklə Qarabağ probleminin həllinə nail ola bilərik. Üstəlik, işğal altında olan rayonların azad edilməsi üçün alqoritm də hazırlanıb”.

Aleksandr Duqin İrəvan və Bakı arasında konstruktiv dialoqun başlanmasının vacibliyini də qeyd edib. O, bu münaqişənin həm azərbaycanlılar, həm də ermənilər üçün həssas və ağrılı bir problem olduğunu deyib.

"5 və ya 7 regionun Azərbaycana qaytarılması gərginliyin azaldılması, situasiyanın deskalasiyasında mühüm, hətta həlledici addım ola bilər. Bundan sonra hərbi konflikt təhdidi əhəmiyyətli dərəcədə azalacaq”.

Rusiyalı politoloq həmçinin Qarabağda müharibə ilə bağlı böyük risklərin olduğunu, amma bundan qaçmaq planlarının da mövcudluğunu dilə gətirib.

Mənbə: "Xəbər TV"

OXŞAR XƏBƏRLƏR