90-cı illərin ən qəddar killleri: “Öldürmək mənim işimdir”
Kriminal
23:31 / 12.03.2018
7298
1990-cı illərin ən məhşur killeri Aleksandr Solonik hesab edilir.
Bəlkə də, bu belədir. Ancaq Aleksandr Sergeyeviç Pustovalov, bir çoxlarının fikrincə, Solonikdən daha peşəkar idi. Əslində, Pustovalov familiyası heç nə demir. Ləqəbi daha məşhurdur – "Saşa Soldat".
O, 18 mafiya başçısını öldürüb. Bu, hələ hüquq mühafizə orqanlarının sübuta yetirdiyi qətllərdir. Hesab edilir ki, ümumilikdə 40-dan yuxarı mafiozi Pustovalovun qurbanı olub. Kim bilir, bəlkə də, rəqəm daha çoxdur...
Sfera.az 90-cı illərin ən məhşur killeri haqda maraqlı məlumatları təqdim edir:
"Qəssab”
Pustovalov Moskvada, ortabab rus ailəsində doğulmuşdu. Atası yox idi, anası onu tək böyüdürdü. Yaxşı təhsil və tərbiyə vermişdi, uşaqlıqda o hətta musiqi dərslərinə belə gedirdi. Məktəbi qurtardıqdan sonra zavoda işə düzəldi. 1991-1993-cü illər arası hərbi xidmətə çağırıldı. Elit hərbi hissədə dəniz piyadası olaraq xidmət keçdi.
Hərbidən qayıtdıqdan sonra Pustovalov xüsusi təyinatlı olaraq milisdə işləmək istədi. Ancaq onu işə götürmədilər. Çünki ali təhsili yox idi. Post-patrul xidmətində işləməyi isə özü istəmədi.
Bir gün Pustovalov kafedə oturmuşdu. Özü də çox fəxr etdiyi qara rəngli dəniz piyadası formasında. Həmin vaxt İvanteyevka bandasının bir neçə üzvü ilə mübahisəsi düşdü. Pustovalov banditləri möhkəm əzişdirdi. Düşünmək olardı ki, banda dikbaş gənci cəzalandıracaq. Ancaq əksinə oldu. Pustovalovun fiziki hazırlığı banditlərin xoşuna gəldi. Onu sıralarına qəbul edib Pustovalova tapşırıqlar verməyə başladılar.
İvanteyevka qruplaşması o zaman Orexov qruplaşması ilə ittifaqda idi. Sonunculara isə bacarıqlı qatil lazım idi. Pustovalov isə peşəkar hərbçi idi. Heç kim qurbanlarına onun kimi tələ qura bilmirdi.
Pustovalov qruplaşmanın lideri Sergey Butorin (ləqəbi Osya) və onun köməkçisi Dmitri Belkininin (ləqəbi Belka) tapşırıqlarını yerinə yetirməyə başladı.
Ona əvvəlcə asan tapşırıqlar verildi - qruplaşmadakı narkomanları yaxud gözdən düşənləri aradan götürmək. Adətən haqqında ölüm hökmü çıxarılan banditi şəhər kənarındakı bağ evinə yeyib-içməyə davam edirdilər. Orada Pustovalov onun işini bitirirdi. Öldürəndən sonra meyiti tikə-tikə doğrayıb kisəyə yığırdı. Bundan sonra xüsusi maşın gəlib kisəni götürür, haradasa basırırdı. Buna görə Pustovalova qruplaşmada "qəssab” ləqəbi verilmişdi.
Ovçu...
1955-ci ildə Pustovalov ilk sifarişli qətlini törətdi. Qanuni oğru Aleksandr Bidjamonu aradan götürdü. Bidjamo, Orexov qruplaşmasına mane olurdu. Aralarında mübahisə düşmüşdü. Söhbətin ayırd edilməsi üçün Yuri Dolqorukinin heykəlinin yanında görüş təyin edildi. Bidjamo görüşə dostu, kriminal avtoritet Utkini də gətirmişdi. Hesab edirdi ki, ömrünün 50 ilini həbsxanada keçirmiş, kriminal aləmdə çəkisi olan Utkin məsələni ədalətlə həll edəcək. Görüşə isə Orexov qruplaşması öz killerlərini – Pustovalovu və Kirillovu yollamışdı.
Bidjamo və Utkin görüş yerindəki kafeyə gəldilər. Pustovalovun oturduğu masaya yaxınlaşanda atəş açıldı. Gürcü və onun avtoritet dostu həlak oldu.
Həmin ilin oktyabrında artıq "Saşa Soldat" ləqəbilə məhurlaşan Pustovalov Kazan qruplaşmasının liderlərini, bir ay sonra Kuntsevski qruplaşmasının başçıları Aleksanr Skvorçov və Oleq Kaliqanı güllələdi. Əlbəttə ki, Osyanın əmri ilə.
Kaliqanı öldürmək üçün Pustovalov hiyləgər plan qurmuşdu.
Oleq Kaliqan tez-tez "Setuni" kafesində nahar edirdi. Saşa Soldat öz köməkçiləri ilə kafeni müşahidəyə aldı. Həmin vaxt kafenin düz yanında qazma işləri gedirdi. Fəhlələr istilik borularını dəyişirdilər. Pustovalov və onun iki köməkçisi fəhlə paltarı geyindilər. Qazma işlərini aparan fəhlələrə qoşuldular, onlarla araq təklif edib içdilər. Fəhlələrin ağlına belə gəlmirdi ki, onları içkiyə qonaq edənlər muzdlu qatillərdir.
Nəhayət, gözlənilən gün gəldi. Kuntsevski qruplaşmasının lideri kafeyə gəlmişdi. Pustovalov elə fəhlə formasındaca köməkçiləriylə kafenin arxa girişindən içəri daxil oldu. Banditlərin hamısını güllələdilər.
Onlar kafeni tərk etdikdə içəridə 3 meyit var idi.
Daha sonra saunaların birində Pustovalov, Koptevski qruplaşmasının liderləri "Apelsin" və "Qoca" ləqəbli oğruları öldürdü. Onların meyitini bıçaqla tikə-tikə doğradı. Səliqə-səhmanla sellofan paketlərə doldurub zibilliyə atdı.
Qanlı izlər...
Osyanın yolunu kəsən hər kəsi ölüm gözləyirdi. Saşa Soldat bossun hər əmrini yerinə yetirirdi. Onun üçün fərqi yox idi kimi öldürəcək – avtoriteti, kommersantı, yaxud bir başqasını. Öz işini yerinə yetirirdi. Bacardığı bir iş vardı – öldürmək.
Heç nədən qorxmurdu. 1997-ci ildə avtoritet Naumovu düz Rusiya Daxili İşlər Nazirliyinin yaxınlığında avtomatla qanına qəltan etdi.
1998-ci ilin oktyabrında Pustovalov, Odintsovo rayon Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Yuri Kerezi aradan götürmək sifarişi aldı. Kerez kriminala qarşı barışmaz mövqeyi ilə tanınırdı. Belkinin izinə düşmüşdü. Osya müstəntiqə rüşvət təklif etmişdi. Ancaq Kerez rüşvət almırdı. Qruplaşmanın sonuna çıxmaq fikrində qəti idi. Saşa Soldat onu izləməyə başladı.
Günlərlə bomj-dilənçi paltarında prokurorluğun qarşısında oturur, əlverişli məqam gözləyirdi.
Belə bir məqam yetişdikdə isə Yuri Kerzini işə gələn zaman soyuqqanlılıqla güllələdi.
Maraqlı məqam odur ki, qruplaşmada narkomanları sevmirdilər. Əgər kimsə narkotikdən istifadə edirdisə, Osya onu öldürtdürürdü. Pustavalov, Qoryuşkini və daha bir neçə nəfər narkoman qruplaşma üzvünü ayrı-ayrı vaxtlarda meşəyə apararaq öldürmüşdü. Qurbanlarına öz məzarlarını qazdırır, sonra öldürüb basdırırdı.
Killer killerə qarşı
Aleksandr Solonik də bir vaxtlar Sergey Butorin üçün sifarişli qətllər törətmişdi. 1996-cı ildə Solonuk "Matroski Tişina" həbsxanasından qaçdı. O, Yunanıstanda gizlənirdi. Superkilleri milis axtarırdı. Ələ keçsəydi, çox şey danışa bilərdi.
Butorin, Saşa Soldatı və onun 3 köməkçisini - Aleksandr Şarapov (ləqəbi Şarap), Andrey Qusev (Makar) və Andrey Filippovu (Mazurik) Yunanıstana "ezamiyyətə" yolladı.
Şübhə doğurmamaq üçün hərəsi ayrı-ayrı reyslərlə Yunanıstana uçdular. Özləri ilə silah götürmədilər.
Solonik Yunanıstanda sevgiisi Svetlana Kotova ilə dəbdəbəli villada qalırdı. Pustovalovla tanış idilər. Pustovalov, Soloniki təbiət qoynuna yeyib-içməyə çağırdı. Gəzişərkən qəfildən Soloniki yerə yıxdılar. Şarap və Makar, Salonikin əllərindən tutdular. Pustovalov onun boynuna ip salıb boğdu. Həmin vaxtı Mazurik də Svetlananı boğurdu.
Meyitləri ayrı-ayrı yerlərdə basdırdılar.
Solonikin cəsədini 1997-ci ilin fevralında tapdılar. Daha 3 ay sonra Svetlana Kotovanın meyiti aşkarlandı.
Pustavalov özü isə 1999-cu ilin noyabrında həbs olundu. Milislərə müqavimət göstərmədi. İstintaq zamanı bir çox cinayətlərini etiraf etdi.
"Nəyə görə öldürdün" sualına sakitcə cavab verirdi: "Mən soldatam (əsgər – red.), əmr alırdım, öldürürdüm. Bu, mənim işimdir"
Pustovalovun işi üzrə istintaq 5 il davam etdi. Öldürülənlərin qohumları ümid edirdi ki, ona ömürlük həbs cəzası verəcəklər.
Məhkəmədə Pustovalov heç nəyi danmadı, peşmançılıq keçirdiyini dedi. 2004-cü ildə keçirilən məhkəmə zamanı o, 13 qətldə suçlu bilindi. Ancaq hakimlər Pustovalovun istintaqla əməkdaşlığını nəzərə aldılar. Super killerə 22 il həbs cəzası verildi.
İlqar Atabəyli